Sayıqlıq və məsuliyyət nümayiş etdirdikləri üçün hökumət onları mükafatlandırılacaq
Rusiyanın Samara vilayətinin Sızran şəhərində idarə etdiyi ağır yük maşını qarın içində batıb qalan azərbaycanlı sürücü polis əməkdaşlarının köməkliyi ilə yoluna davam edə bilib. AzBaku.info “Report”a istinadən xəbər verir ki, dekabrın 15-i səhər Yol Patrul Xidmətinə (YPX) qarın içindən təkbaşına çıxa bilməyən sürücü barədə məlumat daxil olub. Müfəttişlər "M-5 Ural" avtomobil yolunun "oktyabrski" çıxışında qarın içində batıb qalan yük maşını aşkar ediblər.
Sürücünün bildirdiyinə görə, o, Moskva istiqamətində gedirmiş və səhvən "M-5 Ural" avtomobil yolundan dönüb. Sonda Sızrana gedən yola çıxıb. Sürücü düzgün istiqamətdə getmədiyini anlayanda, geri qayıtmaq qərarına gəlib. Dönmə əməliyyatını yerinə yetirən zaman isə maşının sağ təkərləri yol kənarına çıxıb və qar yığınına batıb. Onun vəziyyətdən təkbaşına çıxmaq cəhdləri səmərəsiz olub.
Hadisə yerinə gələn YPX-çılar vəziyyəti qiymətləndirdikdən sonra əraziyə təkərli traktor və yoldan keçən "Kamaz" markalı yük maşınını cəlb ediblər. Təhlükəsizlik məqsədi ilə yolda hərəkət qismən məhdudlaşdırılıb. Nəticədə Bakıdan gələn yük maşını qardan çıxarılıb. Saat 14:00-da əməliyyat başa çatıb və sürücü yoluna davam edib.
Rusiya Daxili İşlər Nazirliyinin Yol Hərəkəti Təhlükəsizliyi Dövlət Müfəttişliyinin Yol Patrul Xidmətinin 3 əməkdaşı sayıqlıq və məsuliyyət nümayiş etdirdiklərinə görə, hökumət tərəfindən mükafatlandırılacaqlar.