Milli Məclisdə çoxuşaqlı ailə anlayışının 5-dən 3-ə endirilməsi təklif olunub.
Modern.az xəbər verir ki, sözügedən təklif Əmək və sosial siyasət komitəsinin iclasında səsləndirilib.
Komitənin üzvü Vüqar Bayramov dünya praktikasında olduğu kimi, bizdə də 3-dən daha artıq uşağı olan ailələrin çoxuşaqlı ailə sayılmasını təklif edib: "Biz çoxailəli anlayışını 5-dən 3-ə endirsək, bu, o deməkdir ki, 110 min ailə bu hüquqdan yararlana biləcək. Yəni, 110 min ailədə yaşayan uşaqlar sosial müavinət ala biləcəklər. Çoxuşaqlı ailə anlayışına yenidən baxılsın. Çoxuşaqlı ailələr 5-dən 3-ə endirilsin".
Komitə sədri Musa Quliyev təklifi dəstəkləyib və bildirib ki, çoxuşaqlı ailə anlayışına yenidən baxılmalıdır.
"Eyni zamanda onlara verilən müavinətə baxılmalıdır. Ailələrə daha çox uşaqlara görə müavinət verilməsi yollarını biz axtarırıq”, - o vurğulayıb.
Qeyd edək ki, mövcud qanunvericiliyə görə, Azərbaycanda 6 və daha çox uşağı olan ailələr hazırda çoxuşaqlı ailələr hesab olunur. Prezident İlham Əliyevin 13 yanvar 2023-cü ilil tarixli fərmanı ilə 5-dən çox uşağı olan qadınlara sosial müavinətin məbləği müəyyən edilib. Fərmanda beşdən çox uşağı olan qadınlara sosial müavinətin aylıq məbləği hər uşaq üçün 105 (yüz beş) manat müəyyən edilməsi bəyan olunub.
Bu o deməkdir ki, hazırda ailədə 18 yaşına çatmamış 6 uşaq varsa, həmin ailəyə aylıq 630 manat (hər uşaq üçün 105 manat) müavinət ödənilir.
Modern.az saytının Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2019-cu ildə keçirlimiş əhalinin siyahıyaalınmasının məlumatlarına əsasən, Azərbaycanda 6 və daha çox uşağı olan 16169 ailə mövcuddur. Çoxuşaqlı ailələrdən 7169-u şəhər yerlərində, 9000-i isə kənd yerlərində yaşayır.