Gürcüstandan Rusiyaya gedən yeganə beynəlxalq avtomobil yolu bağlanıb



Gürcüstandan Rusiya sərhədinə gedən Mtsxeta-Stepantsminda-Lars beynəlxalq avtomobil yolu bütün növ nəqliyyat vasitələri üçün bağlanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Avtomobil Yolları Departamenti məlumat yayıb.

Buna ölkənin əksər bölgələrinə güclü qar yağması, görmə məsafəsinin azalması və yolların buz bağlaması səbəb olub. Milli Ətraf Mühit Agentliyinin məlumatına görə, qar uçqunu riski yüksəkdir.

Agentlik xəbərdarlıq edir ki, martın 16-17-də Gürcüstan ərazisində güclü qar, yağış yağacaq, torpaq sürüşməsi, qar uçqunu təhlükəsi artacaq.

Yerli sakinlərin sözlərinə görə, hazırda beynəlxalq avtomagistralda Azərbaycan, Gürcüstan, Ermənistan, Türkiyə, Rusiya, Qazaxıstan və digər ölkələrə məxsus 500-dən çox avtomobil dayanıb.

Yerli polis sürücülərə və yolda qalan digər insanlara yardım göstərir.