Nərimanovda əməliyyat zamanı 8 kiloqram narkotik vasitə və 2 ədəd “Makarov” tapançası aşkar edilib


Nərimanov Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Rəşad Səfərov və Vüsal Cavadov saxlanılıblar. Onlardan 5 kiloqrama yaxın tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana aşkar olunub. Saxlanılanlar narkotikləri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından satmaq məqsədilə əldə etdiklərini bildiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, idarə əməkdaşları tərəfindən martın əvvəlindən etibarən həyata keçirilən tədbirlər nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 15 fakt müəyyən edilib, 17 nəfər saxlanılıb. 8 kiloqram müxtəlif növ narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb. Əməliyyat yolu ilə müxtəlif şəxslərdən 2 ədəd “Makarov”markalı tapança aşkar olunaraq götürülüb.
Faktlarla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.