Gəncə Dövlət Universitetində “Səməni” festivalı keçirilib


Novruz bayramı münasibətilə Gəncə Dövlət Universitetində Kimya-biologiya fakültəsinin təşkilatçılığı ilə “Səməni” festivalı keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, universitetin rektoru Yusif Yusibov tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib, ən xoş arzularını çatdırıb. Rektor bildirib ki, qədim köklərə malik Novruz bayramının kütləvi el şənlikləri və mərasimlərlə dövlət səviyyəsində keçirilməsi, yurdumuzun hər bir guşəsində coşqu ilə qeyd olunması milli müstəqilliyimizin bizə bəxş etdiyi nailiyyətlərindəndir. “Səməni” müsabiqəsi milli adət-ənənələrimizi, dəyərlərimizi yaşatmaq və yeni nəsillərə ötürmək məqsədi daşıyır.
Festivalda Novruz bayramının atributlarını və milli adət-ənənələrimizi əks etdirən bayram xonçaları nümayiş olunub.
Tələbələrin bayrama aid əl işləri, fərqli tərtibatlarda cücərdilmiş səmənilər xonçalara xüsusi gözəllik qatıb. Şuşa və Xarıbülbül simvolu, qədimi qabların nümayişi festivalı daha da maraqlı edib.
Bayram tədbirində qaliblər münsiflər tərəfindən müəyyən olunub.
“Səməni” festivalı Novruz personajları sayılan Keçəl və Kosanın əyləncəli tamaşaları və konsert proqramı ilə davam edib.