Hüquqşünas: Fransa Yeni Kaledoniyanın müstəmləkəçiliyini konstitusiyalaşdırmaq istəyir



Martın 21-də fəxri hüquqşünas, 2009-2018-ci illərdə Haaqada Livan üzrə Xüsusi Tribunalda Müdafiə Bürosunun sabiq direktoru Fransua Ru Fransanın “L’Humanité” qəzetində Fransa parlamentarilərinə çağırış edib.

AZƏRTAC xəbər verir ki, fransız hüquqşünas hökumətin Yeni Kaledoniyanın müstəmləkəçiliyini konstitusiyalaşdırmaq istədiyini qeyd edib. Bildirib ki, hökumət COVID pandemiyası və kanak xalqının yas adətləri səbəbindən təxirə salınması ilə bağlı tələbinə baxmayaraq, 2021-ci ilin dekabrında keçirilmiş üçüncü referendumun etibarlılığını tanımaqdan imtina edən bütün müstəqillik hərəkatı iştirakçılarını danışıqlar masasına gətirə bilməyib.

Vurğulanıb ki, hökumət zor gücünə addımlarını davam etdirərək Fransa Dövlət Şurasının Yeni Kaledoniyanın institusional gələcəyi və xüsusilə də müstəqilliyin əleyhinə olanların israrla tələb etdikləri seçkilərdə səs vermək hüququna malik olanların sayının artırılması ilə bağlı rəyini istəyib. Ali orqan 2023-cü il dekabrın 7-də öz rəyini bildirib və Yeni Kaledoniyanın institusional gələcəyini tənzimləmək, 1998-ci il Numea razılaşması ilə yaradılmış seçki qaydalarını dəyişmək üçün konstitusiyaya yenidən baxılmasını tövsiyə edib.

“Alber Kamü deyirdi ki, “Prosesləri öz adları ilə adlandırmamaq dünyaya əlavə bədbəxtlik gətirməkdir”. Beləliklə, aydın şəkildə deyək: Yeni Kaledoniya məsələsi müstəmləkəçiliyə məruz qalan xalqların öz müqəddəratını təyinetmə hüququna aiddir və heç bir şəkildə seçki qanunu qarşısında vətəndaşlarının bərabərliyi məsələsi ilə bağlı fransızların qərarına aid deyil. 1960-cı ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 1514 saylı qətnaməsi ilə “Müstəmləkə altında olan ölkələrə və xalqlara müstəqilliyin verilməsi haqqında Bəyannamə” qəbul edildi.

1986-cı ildən Yeni Kaledoniya dekolonizasiya ediləcək ərazilər siyahısına daxil olunub. Birləşmiş Millətlər Təşkilatının dekolonizasiya üzrə xüsusi komitəsi hər il vəziyyətə nəzarət edir və Fransa ilə bağlı tövsiyələr verir. Müstəqillik əleyhinə olanlar bir neçə dəfə cəhd göstərsələr də, Yeni Kaledoniyanın dekolonizasiya ediləcək ərazilər siyahısından çıxarılmasına nail ola bilməyiblər.

Odur ki, Birləşmiş Millətlər Təşkilatının 1945-ci il Nizamnaməsini, daha sonra isə 1948-ci il Ümumdünya İnsan Hüquqları Bəyannaməsini hazırlayan ölkələrdən biri və Təhlükəsizlik Şurasının daimi üzvü olan Fransa ərazilərin dekolonizasiyası ilə bağlı Nizamnamənin şərtlərinə əsasən üzərinə götürdüyü öhdəliklərdən necə qurtulmağa çalışa bilər?

Hamımız razılaşa bilərik ki, Yeni Kaledoniyada uzun müddət tətbiq edilən məqsədli məskunlaşma siyasətinə görə hər şey asan deyil. 1998-ci ildə Numea razılaşmasının preambulasında Kanak xalqına - yerli xalqa qarşı törədilən zorakılıqlar ilk dəfə olaraq rəsmi şəkildə etiraf edilir.

Belə olan halda, 25 il sonra idarəedən gücün hökuməti necə təsəvvür edir ki, Yeni Kaledoniyanın gələcəyini kanakların azlığı ilə nəticələnəcək, səsvermə hüququna malik şəxslərin sayının artırılması yolu ilə Fransa qanunlarına əsasən həll olunacaq?

Əgər rəyə ehtiyac varsa, bu, şübhəsiz ki, Fransanın məhkəməsi deyil, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi ilə yaradılmış yeganə müvafiq beynəlxalq orqan - qərargahı Haaqada yerləşən Beynəlxalq Ədalət Məhkəməsi (BƏM) olmalıdır.

Məhkəmə müvafiq tərəflər arasında ziddiyyətli debatdan sonra hüquqi rəy vermək səlahiyyətinə malikdir. Bu, Mavriki ilə Birləşmiş Krallıq arasındakı Şaqos adaları, İsrail tərəfindən tikilən divar və ya keçmiş Fransız-İngilis kondominiumu olan Vanuatu tərəfindən təqdim edilən iqlim dəyişikliyi ilə bağlı məsələlərdə özünü göstərib”.

Fəxri hüquqşünas üzünü parlamentarilərə tutaraq bildirib: “Siz Konstitusiyaya Yeni Kaledoniya ilə bağlı hər hansı dəyişikliyə səs verməkdən imtina etməklə və Fransa hökumətinə “idarəedici güc” kimi məsələni BMT-nin Baş Assambleyası vasitəsilə Beynəlxalq Ədalət Məhkəməsinə müraciət etməsini təmin etsəniz, mandatınıza hörmət bəsləmiş olarsınız. Beynəlxalq Ədalət Məhkəməsi bir maraqlı tərəfə öz arqumentlərini təqdim etməyə icazə verəcək. “Qanunla sülhün qurulması” Beynəlxalq Ədalət Məhkəməsinin yerləşdiyi Sülh Sarayının devizidir