Polşanın paytaxtı Varşava şəhərində Avropa Kəndirlə Mübarizə Federasiyasının təşkilatçılığı ilə Baş Assambleyanın iclası (ETWF General Assembly) keçirilib.
Kəndirlə Mübarizə İdmanı Cəmiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, iclasda Avropa Kəndirlə Mübarizə Federasiyasının ötən illə bağlı yekunları və 2024-2025-ci illərin planları müzakirə olunub. Daha sonra isə İdarə Heyətinin hesabatı dinlənilib.
Həmçinin 2024-2026-cı ilin təqvim planı iclas iştirakçılarına təqdim olunub.
Bu il oktyabrın 4-6-da (beach) Avropa Kubokunun Türkiyənin Mersin şəhərində, 2025-ci ilin fevral ayında (indoor) Avropa Çempionatının Polşanın Spala şəhərində keçirilməsi təsdiq edilib.
İdarə heyətinin digər qərarına əsasən, 2025-ci ilin iyun ayında (beach) Avropa Çempionatının və 2026-cı ilin mart ayında Avropa Kəndirlə Mübarizə Federasiyasının Baş Assambleyasının iclasının Bakıda keçirilməsi müzakirə olunub.
Növbəti ildə Avropa Kəndirlə Mübarizə Federasiyasının Baş Assambleyasının iclasının Serbiyanın paytaxtı Belqradda keçirilməsinə qərar verilib.
İclasda ölkəmizi Kəndirlə Mübarizə İdmanı Cəmiyyətinin İdarə Heyətinin sədri, beynəlxalq dərəcəli hakim Elnur Şıxəliyev təmsil edib.