Baydenin dayısını adamyeyənlər yeyib - İDDİA
ABŞ prezidenti Co Bayden dayısının cəsədinin İkinci dünya müharibəsi zamanı adamyeyənlər tərəfindən yeyilə biləcəyini irəli sürüb.
Prezident bu barədə Pittsburqda keçirilən tədbirdə danışıb.
Bayden Pitsburqa İkinci dünya müharibəsi zamanı itkin düşən amerikalı əsgərlərin xatirəsinə ucaldılmış Skrenton müharibə memorialını ziyarət etdikdən sonra gəlib. Memorial Baydenin dayısı Embrouza Finneqanın adını daşıyır.
“O, tək mühərrikli təyyarə ilə uçub və Yeni Qvineya üzərində kəşfiyyat uçuşları edib. O, könüllü olub. O, Yeni Qvineya ərazisində, o vaxtlar adamyeyənlərin çox olduğu ərazidə vurulub”, - ABŞ prezidenti bildirib.
Embrouza Finneqanın adı ABŞ Müdafiə Nazirliyinin müdafiə maliyyəsi xidmətinin hesabatında qeyd olunub. Sənəddə Finneqanın 1944-cü ilin mayında Yeni Qvineyaya kuryer reysi ilə havaya qalxdığı və təyyarənin sahildə qəzaya uğradığı bildirilir.
Qəza nəticəsində göyərtədə olan dörd nəfərdən üçü ölüb və sağ qalan bir ekipaj üzvü xilas edilib. Lakin ertəsi gün nə itmiş təyyarə, nə də ölənlərin cəsədləri hadisə yerində tapılıb.(Lent.az)