Qərbin puç olan ÜMİDLƏRİ – Sülhməramlıların Qarabağdan çıxarılması hansı planları POZDU?

Qərbin puç olan ÜMİDLƏRİ – Sülhməramlıların Qarabağdan çıxarılması hansı planları POZDU?

Ötən həftə Azərbaycan və Rusiya liderlərinin qarşılıqlı razılığına əsasən sülhməramlıların Qarabağdan çıxması dünyada böyük əks-səda doğurdu. Qərb hətta bundan şoka düşdü. Çünki çoxları hesab edirdi ki, sülhmərəmlılar ən azı 2025-ci ilin noyabrına qədər Qarabağda qalacaqlar.

Hətta bəzi ekspertlər ehtimal edirdi ki, sülhməramlılar 2030-cu ilə qədər də Qarabağda qala bilər. Amma ötən həftə verilən siyasi qərar bütün proqnozları alt-üst etdi.

Bəs, sülhməramlıların Qarabağdan çıxması kimləri pat vəziyyətində qoydu?

Təbii ki, bu qərar Qərb üçün gözlənilməz olduğu qədər, arzuolunan da deyildi. Çünki Qərb 4 ildir hər kəsi inandırmağa çalışırdı ki, Rusiyanın yenidən Cənubi Qafqazı işğal etmək planı var. Guya 2020-ci ilin noyabrında sülhməramlıların Qarabağa gəlməsi də həmin planın bir hissəsidir. 

Məlumdur ki, bu təbliğatı aparmaqla Qərb Cənubi Qafqaz ölkələrinin qeydinə qalmırdı. Qərbin əsas məqsədi Rusiyanı təcavüzkar və işğalçı kimi təqdim etmək idi.

Eyni zamanda, bu faktdan istifadə edərək Qərb Cənubi Qafqaza soxulmaq istəyirdi. Bu təcavüzkar niyyətini də belə təqdim etmək istəyirdi ki, “Qərb Cənubi Qafqaza gəlməsə, Rusiya bölgəni qan çanağına döndərəcək”. Beləcə, ABŞ və bir sıra Avropa ölkələri xilaskar imicində bölgəyə gəlmək istəyirdi. Amma bir gecə də bütün miflər dağıdıldı. Qərbin növbəti dəfə özünə  “xilaskar” donu biçmək istəyi yarımçıq qaldı.

Rusiya sülhməramlılarının Qarabağda qalması Qərbin işinə daha çox yarayırdı.

Qərb bu faktdan istifadə edərək Cənubi Qafqaza girmək istəyirdi. Nəzərə alaq ki, 2 il əvvəl Avropa İttifaqı Ermənistana və Azərbaycan təklif etdi ki, iki ölkə arasındakı şərti sərhəddə bufer zona yaradılsın. Həmin bufer zonaya isə Aİ-nin sülhməramlıları yerləşdirilsin. Əslində isə bu sülhməramlılar Aİ-nin yox, NATO-nun əməkdaşlıları olacaqdı. Nəticədə NATO sülhməramlı adıyla bölgəyə gələcəkdi. Bununla da Qərb Rusiyanı növbəti münaqişəyə cəlb etmək üçün imkan qazanacaqdı.

Lakin o zaman Azərbaycan buna qətiyyətlə etiraz etdi. Bundan sonra Aİ və ABŞ tərəflərə təklif etdi ki, hər iki ölkəyə mülki müşahidəçi missiyanın göndərilməsinə razılıq versinlər. Amma Azərbaycan bu təklifə “yox” dedi. Təbii ki, Ermənistan Qərbin bu təklifiylə razılaşdı. Və artıq 2 ildən artıqdır ki, Aİ-nin, daha doğrusu NATO-nun “mülki missiyası” Ermənistandadır. Halbuki, missiya 2 aylığa gəlmişdi. Qəribədir ki, missiyanın sayı da aybaay artır. Artıq Ermənistanda 500-ə yaxın “müşahidəçi” var.

Bu günki reallıqdan baxanda bir daha əmin olursan ki, Azərbaycan hər zaman olduğu kimi, 2 il öncə də doğru qərar verib. Yoxsa bir bəhanə ilə Azərbaycan gələn Qərb missiyası hələ də Azərbaycan torpaqlarında idi. Hələ onu demirik ki, həmin missiya yəqin ki, çoxdan münaqişəni alovlandırmışdı. Yəni Azərbaycanın qətiyyəti və uzuqgörən siyasəti hesabına bölgə zamanında qlobal güclərin hərbi paliqonuna çevrilməkdən qurtuldu.

Azərbaycan nə istəyir?

Təbii ki, Azərbaycan Cənubi Qafqazda davamlı sülhün olmasını istəyir. Çünki regional təhlükəsizlik olmadan hansısa ölkənin iqtisadi dirçəlişi və siyasi sabitliyi ola bilməz.

Ona görə də Azərbaycan bütün məsələlərə kompleks şəkildə baxır, hər zaman regional maraqlardan çıxış edir. Bu gün Azərbaycan Qərbin Cənubi Qafqaza gəlişinə “yox”deyirsə, bu birbaşa region dövlətlərin təhlükəsizliyinə bir töhfədir. Qərbin bölgəyə gəlməsi nə Ermənistana, nə Gürcüstana, nə Azərbaycan və hətta İrana yaxşı heç nə vəd etmir.

Qərbin girdiyi hansı bölgədə sabitlik var?!

Yaxın Şərq “qaynar qazan”ı, Ukrayna isə cəhənnəmi xatırladır. Bu gün Qərb istəyir ki, Cənubi Qafqazda ikinci Ukrayna ssenarisini reallaşdırsın. Azərbaycanı, Ermənistanı və Gürcüstanı Rusiyaya qarşı cəbhə açsın. Beləcə, bu ölkələrin müqaviməti sayəsində Rusiya bir qədər də zəif düşsün.

Amma Azərbaycan, Ermənistan və Gürcüstanın bu münaqişədə nələr itirəcəyi Qərbi qətiyyən narahat etmir. Ona görə də Rusiya sülhməramlılarını öz ərazisindən çıxarmaqla Azərbaycan təkcə özünün yox, həm də Ermənistan və Gürcüstanın təhlükəsizliyinə təminat yaratdı. Hələ İran və Rusiyanı demirik. Bu iki ölkə Qərblə açıq münaqişədən qurtuldu.

Azərbaycan yeni president yaratdı

Rusiya sülhməramlılarının qarşılıqlı razılaşma yolu ilə Azərbaycandan çıxarılması ilə dünya yeni bir reallıqla üz-üzə qaldı. Azərbaycan bütün dünyaya və ən əsası da Qərbə sübut etdi ki, istənilən məsələnin ağrısız və itkisiz həll yolları da var. Bu da danışıqlar yoludur. 

Ona görə də Azərbaycanın son addımı Ermənistan, Gürcüstan, Moldava və Ukrayna üçün əvəzsiz bir nümunə və örnəkdir. Azərbaycan sübut etdi ki, Rusiya heç də Qərbin təsvir etdiyi vəhşi və təcavüzkar bir dövlət deyil. Rusiya da istənilən məsələdə kompromisə gedə bilər. Əsas odur ki, üçüncü tərəfin iştirakı olmadan danışıqlar masasına əyləşəsən və regional maraqdan çıxış edəsən.

Bizim.Media