Deputat: Ölüm hökmü bərpa edilsin

Son zamanlar Azərbaycanda ailə-məişət zəminində baş verən cinayətlərin sayında sürətli artım müşahidə edilir. Xüsusən də ailədə qadınlara qarşı zorakılıq səbəbindən ölüm hallarının sayının çoxalması daha çox narahatlıq doğurur. Demək olar ki, hər gün KİV-də ailədaxili münaqişələr, yaxud məişət zorakılığı ilə bağlı qətl hadisələri, intiharlar barədə həyacan doğuran məlumatlar yayılır. Ailə-məişət zorakılığı ilə bağlı məlumatlar diqqət çəkən kriminal xəbərlərin əksəriyyətini təşkil edir.

Ailə-məişət zəmində qətllərin sayı niyə çoxalıb? Bunun qarşısnı almaq üçün hansı addımlar atılmalıdır?

AzBaku.info modern.az-a istinadən xəbər verir ki, Milli Məclisin bir neçə qadın deputatı bu suallara cavab verib.

Elmira Axundova ailə-məişət zəminində baş verən cinayətlərlə bağlı dəfələrlə çıxış etdiyini bildirib.

“Hətta Milli Məclisdə bu istiqamətdə bir neçə dəfə çıxış edərək, KİV-ə müraciət də ünvanlamışam. Bildirmişəm ki, mətbuatda tez-tez ailə-məişət zəminində baş verən cinayətlərlə, qətl hadisələri ilə bağlı yazılar gedir. Mətbuata demişəm ki, siz bu hadisələri araşdırın, səbəblərini tapın. Hətta bir dəfə öz yoldaşını uşaqlarının gözü qarşısında öldürən şəxslə də bağlı çıxış etmişəm. Belə hadisələri törədən şəxslərə ölüm cəzası verilməlidir. Hazırda ailə-məişət zəminində baş verən qətl hadisələrinin sayı çoxalıb. Gənclərimiz sanki vəhşiləşirlər. Ölüm cəzası da aradan qaldırılıb. Bu hadisələri törədənlər fikirləşir ki, öldürərlər, sonra 10-12 il həbs olunarlar, ardınca da azadlığa çıxarlar. Ona görə də təklif edirəm ki, ölüm hökmü bərpa edilsin. Bu hadisələrin artmasına digər səbəbdən biri də gənclərimizin öz yerini tapa bilməməsi ilə bağlıdır. İş yerləri yoxdur, bəziləri işləmək də istəmirlər, iş bacarığı, təhsili yoxdur. Həyatdan olan narazılığını isə gücsüzdə görürlər. Yəni, öz ailəsinə, yaxınlarına qarşı qəddar olurlar. Cavanlarımız oxumurlar. Heç məktəbi də bitirmirlər. 10-11-ci sinifləri güclə qurtarırlar. İnternetdə lazımsız işlərlə məşğul olurlar”.

Deputat deyib ki, ailə-məişət zəminində qətl hadisələri təkcə Azərbaycanda deyil, dünya ölkələrində də baş verir.

“Bir neçə gün bundan əvvəl mətbuatda oxuyuram ki, Fransada polis arvadını və 2 uşağını öldürüb. Bu hal Amerikada, Rusiyada və başqa ölkələrdə də var. Azərbaycanda isə bu hallar çoxalıb. Bu problemlə bütün cəmiyyət məşğul olmalıdır. Kəndlərdəki ağsaqqallar, qeyri-hökumət təşkilatları, bələdiyyələr, müvafiq orqanlar aktiv olmalıdırlar. Onlar bilirlər ki, hansı ailədə problem var, hansı ailədə qadınlar söyülür, döyülür, qızlar məktəbə getmir. Onlar vaxtında profilaktik işlər görməlidirlər. Həmin evlərə getməlidirlər. Hamımız bu problemlə məşğul olmalıyıq. Televiziyalarda, saytlarda sosial roliklər verilməlidir. Çünki bu cinayətkarlar bilməlidirlər ki, cəmiyyət onlara qarşı barışmaz mövqe tutur. Yoxsa onlar indiki kimi həbsxanada qəhrəman kimi qalır. Hüquq-mühafizə orqanlarının rəhbərləri ilə söhbətdə də mənə deyirlər ki, ailə- məişət zəminində baş verən qətl hadisələrinin sayı artıb”.