Müdafiə Nazirliyi media vasitələrində Fransa ilə Ermənistan arasında “Caesar” özüyeriyən artilleriya qurğularının alğı-satqısı barədə müqavilənin imzalandığı barədə yayılan xəbərlərə münasibət bildirib.
Nazirliyin açıqlamasını təqdim edirik:
"Media vasitələrində Fransa ilə Ermənistan arasında “Caesar” özüyeriyən artilleriya qurğularının alqı-satqısı barədə kontraktın imzalandığı haqqında məlumat verilir.
Azərbaycan tərəfinin xəbərdarlığına rəğmən Fransanın Ermənistanı öldürücü və hücum təyinatlı artilleriya qurğuları və digər silah növləri ilə təchiz etməsi Fransanın Cənubi Qafqaz regionunda təxribatçı fəaliyyət aparmasının növbəti sübutudur.
Fransa Müdafiə Nazirliyi keçən ilin oktyabrında verdiyi açıqlamasında Ermənistana tədarük edilən hərbi texnikanın müdafiə xarakteri daşıdığını iddia etsə də, hazırkı hərbi sövdələşmə ilə Ermənistanın öldürücü silahlarla təchiz edilməsi Fransa rəhbərliyinin riyakarlığının növbəti təzahürüdür.
Cənubi Qafqaz regionunda militarizasiya və geosiyasi intriqa siyasəti yürüdən Makron rejimi Ermənistan ilə Azərbaycan arasında normallaşmaya və regionda davamlı sülhün təmin olunmasına maneə olur. Bu kimi destruktiv və qərəzli siyasətinə görə normallaşma və regional proseslərdən kənarda qalan Fransanın indiki rəhbərliyi bunu Azərbaycana bağışlaya bilmir və ona görə də pozucu siyasətini davam etdirir.
Ermənistan Azərbaycana qarşı hərbi təcavüz və işğal törətmiş dövlətdir. BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Fransa tərəfindən qanlı hərbi təcavüz törətmək təcrübəsi olan Ermənistanın yenidən silahlandırılması və Ermənistan rəhbərliyinin revanşizm siyasətini dəstəkləməsi siyasi məsuliyyətsizlik olmaqla bərabər yeni müharibəyə aparan yoldur.
Müstəmləkəçi imperiya olaraq Fransanın tarixən dünyanın müxtəlif yerlərində müharibə və münaqişə ocaqları yaratmaq kimi ikrah doğuran zəngin təcrübəsi vardır. Yeni Kaledoniya və digər dənizaşırı müstəmləkə ərazilərində baş verən proseslər, yerli xalqların istismara məruz qoyulması, təbii sərvətlərinin talanması, irqçi siyasət nəticəsində həmin ərazilərin demoqrafik tərkibinin dəyişdirilməsi, etiraz aksiyalarının qan və silah gücünə yatırılması Makron rejiminin əsl mahiyyətinin göstəricisidir. Utancverici müstəmləkə irsinin qalığı olan bu kimi köklü problemləri həll etmək və neokolonializmə son qoymaq əvəzinə Fransa Azərbaycana qarşı çirkli təbliğat və dezinformasiya kampaniyası aparır.
Bəyan edirik ki, Cənubi Qafqaz regionunda vəziyyətin gərginləşməsinə və yeni müharibə ocağının yaranmasına görə məsuliyyəti tam şəkildə revanşist siyasət yürüdən Ermənistan rəhbərliyi və Makron diktaturası daşıyacaqdır".