Dekabrın 7-də “Şimal xəbərləri”nə üz tutan “Azəriqaz” İB-nin Xaçmaz Regional Qaz İstismarı İdarəsinin Xaçmaz rayonu üzrə təbii qazın qəbulu və satışı xidmətində qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər işləyən Turab Sultanov çalışdığı Xaçmaz xidmət sahəsinin rəisi Elmir Camalovu ciddi ittihamlara məruz qoydu. Bəri başdan qeyd edək ki, birinci dəfə belə hadisə ilə rastlaşırdıq.
İşi-gücü olan şəxs heç nədən çəkinmədən ortalığa prisipial mövqe qoydu. Bildirdi ki, işlədiyi vəzifədə qalıb-qalmaması onun üçün heç bir əhəmiyyət kəsb etmir. Amma Xaçmaz əhalisi Elmir Camalovun törətdiyi qanunsuz əməllərdən xəbərdar olmalıdır. “Əvvəl elə özümdən başlayım. Mənə çox keyfiyyətsiz çap edilən bildirişlər verdilər ki, əhaliyə paylayım. Heç nə oxunmurdu. Bunun üstündə idarə müdiri mənə şiddətli töhmət verdi. Halbu ki, bildirişləri çap edən aparat nasaz idi, keyfiyyətsiz çapa görə məsuliyyət daşımırdım. E. Camalova şifahi məlumat versəm də heç bir tədbir görməmişdi. Nəticədə, günahsız yerə cəza aldım.” Turab deyir ki, nəzarət etdiyi yaşayış massivləri ona sadəcə həvalə olunub, aktla qəbul etməyib. Ola bilsin ki, mənzillərdə nasaz və yarasız hala salınmış sayğaclar olsun. “Küçəyə qoyulan sayğaclara görə vətəndaşlar məsuliyyət daşımırlar. İstənilən şəxs sayğacı sındıra bilər, yararsız hala salar. Buna görə günahı olmayan vətəndaş niyə cərimələnməlidir ki? Və yaxud, iki-üç manat borcu olanın təbii qazının kəsilməsi barədə E. Camalovun əndazəyə sığmayan göstərişlərinə niyə əməl etməliyəm ki? Axı elə vətəndaşlar və obyektlər var ki, borcları ölçüyəgəlməzdir. Əgər sadə və kasıb insan abonent haqqını ödəyərkən üç-beş manat borclu qalırsa niyə onu narazı salmalıyıq? Axı dövlətimizin başçısı cənab İlham Əliyev də dövlət məmurlarına dəfələrlə tapşırıb ki, vətəndaşları incik salmasınlar, onlarla normal davransınlar. ” Turab Sultanovun açıqlamasına görə, müəyyən vaxtlarda təbii qazın verilişi dayandırıldıqda evlərə gedən qaz borularına bəzən yarım, hətta bir saat belə hava vurulur. Lakin bu zaman sayğaclar işləyir, vətəndaşlar boş havaya görə pul ödəməli olurlar.
Şikayətçi çalışdığı Xaçmaz xidmət sahəsində baş verən qanunsuzluqlar barədə çox danışdı. Bu problemlərin baiskarı kimi Elmir Camalovu göstərdi.
Bizə müsahibə verərkən Turab Sultanov əlindəki terminalla bildirişlərin köhnə tarixlə necə vurulduğunu da əyani şəkildə göstərdi. Qeyd etdi ki, bununla da əsl qaz sərfiyyatı gizlədilir. Əlindəki terminalın menyusuna isə müdaxilə edilib.
Məlumat üçün bildirək ki, aşağıda sizlərə təqdim etdiyimiz müsahibə Turab Sultanovdan dekabrın 7-də götürülüb. Ayın 24-də isə xəbər tutduq ki, onu müqavilə müddətinin bitməsini əsas götürərək işdən azad ediblər. Lakin şikayətçi iddia edir ki, səbəb təkcə bu deyil. O, dekabrın 7-də bir neçə dövlət qurumunun rəhbərinə Elmir Camalovla bağlı müraciətlər ünvanlayıb. Nəticədə, xidmət sahəsində yoxlamalar keçirilib. Araşdırmalar başa çatmamış onu işdən azad ediblər.
Xaçmaz RQİİ-nin rəsmilərinin və Xaçmaz xidmət sahəsinin rəisi Elmir Camalovun da mövqeyini dərc etməyə hazırıq.
Araşdırmalar davam edir, mövzuya qayıdacağıq.
“Şimal xəbərləri”