İsmayıllıda saxlanılan məmur polkovnik-leytenant imiş - FOTO
Xəbər verdiyimiz kimi, İsmayıllı rayonunda vəzifəli şəxslərə qarşı əməliyyat keçirilib. Baş Prokuror yanında Korrupsiya İdarəsinə rayonun bir sıra vəzifəli şəxslərinin qanun pozuntularına yol verməsi barədə məlumat daxil olub. Keçirilən əməliyyat nəticəsində Rayon İcra Hakimiyyəti başçısının İsmayıllı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əlişir Süleymanov saxlanılıb.
Saxlanılan məmur İsmayıllı rayonunun Qoşakənd kəndinin sakinidir.
O, 15 mart 1974-cü ildə Özbəkistan Respublikası Daşkənd vilayətinin Buka rayonunda anadan olub. 1996-cı il tarixində Bakı Ali Birləşmiş Komandirlər məktəbinin taktiki motoatıcı qoşunları komandiri (zirehli tank və avtomobil texnikasının istismarı üzrə mühəndis) ixtisasi üzrə təhsilini müvəffəqiyyətlə başa vurub. 1992-2016-cı illərdə Azərbaycan ordusunda müxtəlif hərbi vəzifələr üzrə ön cəbhədə xidmət etmiş Ə.Süleymanov 2016-cı ildə polkovnik-leytenant rütbəsi ilə ehtiyata buraxılıb.
22 iyun 2006-cı il tarixində “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli, 26 iyun 2008-ci il tarixində “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli, 05 iyul 2019-cu il tarixində “FƏDAİ” medallarına layiq görülüb. II qrup Qarabağ Müharibəsi əlilidir. 15 may 2020-ci il tarixindən İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı aparatında baş mütəxəssis-komendant vəzifəsində çalışıb, 2021-ci ildə İH başçısının İsmayıllı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə təyin edilib. Ailəlidir, 3 övladı var.
Qeyd edək ki, Əlişir Süleymanovun saxlanılması barədə xəbəri "qafqazinfo" yayıb.