“İndi Nəcməddin Sadıkov ortada yoxdur” - 20 milyonu necə bölüblər?
Müdafiə Nazirliyində 143 milyonluq yeyinti ittihamı ilə bağlı mühakimə edilən general Nizami Məmmədov və qoşunların maliyyə-xidmət rəislərinin məhkəməsi davam edir.
Bakı Hərbi Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən zabitlərin iki həftə əvvəl qaldırdıqları vəsatətlərə baxılıb. Bundan əlavə, müdafiə tərəfi onları maraqlandıran bir sıra yeni məsələlərə toxunub.
Əvvəlki yazımızda vəsatətlər barədə geniş məlumat vermişdik.
Təqsirləndirilən Bayram Bayramov ona verilmiş ittihamın həcmi ilə bağlı narazılıq etmişdi. İddia edirdi ki, onun adına yazılmış N saylı hərbi hissədəki yeyintinin 719 min manatı ezam olunmuş və ehtiyatdan gəlmiş hərbçilərin xərclərinə sərf olunub. Bayramov bunu müəyyən etmək üçün Müdafiə Nazirliyinə sorğu verilməsini istəmişdi.
Bu gün məhkəməyə sədrlik edən hakim Fikrət Əliyev bəyan edib ki, həmin məsələ ilə bağlı Müdafiə Nazirliyinin Hüquq İdarəsinə sorğu göndərilib. Amma hələ cavab verilməyib.
Müttəhim Cəlal Kazımovun mühasibatlıq ekspertizasının təkrar keçirilməsi və hərbi hissələrdə yoxlama aparan şəxslərin şahid kimi məhkəməyə çağırılması istəkləri isə əsassız sayılaraq rədd edilib.
Bundan başqa, Kazımovun vəkili qanunsuz olaraq adlarına pul köçürülmüş şəxslərin dindirilməsini istəyirdi. Burada söhbət hərbi hissədə işləyən maliyyə-xidmət rəislərinin adlarına pul köçürdüyü qohumlarından, həmçinin hərbi hissədə işləməyə-işləməyə adına pul yazılan şəxslərdən gedir.
Dövlət ittihamçısı bu vəsatəti də əsassız hesab edib, dindirilən şahidlərin dediklərini yetərli bilib.
Prosesin davamında təqsirləndirilən Vüsal Əlizadə ipotekada olan 120 min manatlıq evini dövlətə dəymiş ziyanın ödənilməsi üçün satmaq istədiyini deyib. Amma bu məsələdə ziddiyyət yarandığını məhkəmənin diqqətinə çatdırıb. Əlizadənin dediyinə görə, həbs olunduqdan sonra əvvəlki aylarda evin kreditini ardıcıl ödəyib. Amma bir neçə ay sonra bank ona ödəmə qrafiki verməyib. Buna görə də krediti ödəyə bilməyib.
Onun ifadəsindən məlum olub ki, krediti ödəyə bilmədiyinə görə hazırda bank onu məhkəməyə verib. İş Laçın Rayon Məhkəməsinin icraatındadır. Əlizadə bu məsələnin həlli üçün məhkəmədən kömək istəyib.
Hakim Fikrət Əliyev təqsirləndirilən şəxsin diqqətinə çatdırıb ki, bu məsələ başqa işin predmetidir. Həmin işə müdaxilə edilə bilməz. Hakim işin aydınlaşdırılmasını özlərinə həvalə edib.
Vüsal Əlizadənin başqa ünvanda yerləşən 101 min 632 manatlıq, Cəlal Kazımovun isə 110 minlik evi satılaraq pulu dövlət hesabına qoyulub. Bunu təsdiq edən sənədlər məhkəməyə təqdim edilib.
Təqsirləndirilən şəxslərin istəyi ilə dövlətə dəymiş ziyanın bu günə kimi ödənilmiş hissəsini dəqiqləşdirmək üçün Dövlət Təhlükəsizliyi Xidmətinə sorğu göndərilib.
Fotoda general Nizami Məmmədov
Artıq bir neçə iclasdır, xüsusilə general Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadə bu işdə əvvəl təqsirləndirilən, sonradan şahid qismində tanınmış polkovnik Rafail Xələfovun məhkəmədə təkrar dindirilməsini istəyir. Eyni zamanda təqsirləndirilən şəxslərin özləri də barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilmiş Xələfovun yenə dindirilməsində maraqlıdırlar:
“Rafail Xələfov bütün işlərin mərkəzində olan adamdır. Hər dəfə də ziddiyyətli danışıb. Özündən aşağı vəzifədə olanlara başqa, yuxarıda olanlara başqa şeylər deyib. Bizim ona əlavə suallarımız var. Xahiş edirik, çağırın, gəlsin”, - deyə vəkil vəsatətinə əlavə edib.
Məhkəmə bu dəfə müdafiə tərəfinin vəsatətini əsaslı sayaraq təmin edib. Qərarda deyilir ki, Rafail Xələfov qaranlıq qalan məsələlərə aydınlıq gətirilməsi üçün yenidən məhkəmədə ifadə verməlidir.
Generalın digər vəkili Cahangir Cavadovun vəkili isə istintaqın yekunlaşma ərəfəsində olduğunu nəzərə alaraq, başqa bir məsələyə diqqət çəkib. Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi polkovnik Məlikməmməd Qurbanov ifadəsində demişdi ki, 5 il ərzində şirkətlərlə əməkdaşlıqdan 20 milyon manat pul qazanıb. Həmin pulun 19 milyon 600 min manatını isə Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkova verib, 400 mini isə özünə qalıb:
“Qurbanov əlavə edib ki, Nəcməddin Sadıkov həmin 19 milyon 600 mindən 800 min manatını müvəkkili Nizami Məmmədova göndərib. Lakin bunu təsdiq edən heç bir sənəd yoxdur.
Nizami Məmmədov özü də Qurbanovun yalan danışdığını dedi. İndi bunu dəqiq müəyyən etmək də mümkün deyil. Çünki Nəcməddin Sadıkov ortada yoxdur. Hökmdə bunun nəzərə alınmasını xahiş edirəm”.
Proses gələn həftə davam edəcək.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) 2022-ci ildə Müdafiə Nazirliyindəki qanun pozuntuları ilə bağlı əməliyyat keçirib. Əməliyyatla nazirliyin Maliyyə və Büdcə İdarəsinin rəisi general Nizami Məmmədov, quru, hava və dəniz qoşunlarının maliyyə xidmətlərinin rəisləri - polkovniklər Bayram Bayramov, Cəlal Kazımov və kapitan Vüsal Əlizadə həbs edilib. Onlara qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb. Bu maddənin sanksiyasında 14 ilə kimi azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.(Qafqazinfo)