“3+3”ün Türkiyədəki iclasının tarixi açıqlandı
“3+3” regional platformasının növbəti iclası oktyabrın 18-də İstanbulda keçiriləcək.
Bu barədə məlumatı Ankarada mətbuat konfransında Türkiyənin xarici işlər naziri Hakan Fidan açıqlayıb.
“İclasda bizə Azərbaycan, Ermənistan, Rusiya və İranın XİN rəhbərləri qoşulacaq”, - deyə Hakan Fidan qeyd edib.
Xatırladaq ki, “3+3” platforması Cənubi Qafqaz regionu ölkələrinin və onların qonşularının (Azərbaycan, Ermənistan, Gürcüstan, Türkiyə, Rusiya və İran) geniş əməkdaşlığını nəzərdə tutur. Platforma çərçivəsində ilk görüş 2021-ci ilin dekabrında Moskvada baş tutub.
Sözügedən görüşdə Azərbaycan, Ermənistan, Rusiya, İran və Türkiyənin xarici işlər nazirlərinin müavinləri iştirak edib. Gürcüstan iclasda iştirakdan imtina edib. İkinci görüş isə 2023-cü ilin oktyabrında XİN rəhbərləri səviyyəsində İranın paytaxtı Tehranda baş tutub. Gürcüstan bu görüşdə də iştirak etməyib.
Bir müddət əvvəl üçüncü iclasın Türkiyədə keçiriləcəyi açıqlansa da dəqiq tarix məlum deyildi.