Bakı sakini, 1994-cü il təvəllüdlü Qəniyevə Bahtilya Sahib qızı Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsinə müraciət edərək bildirib ki, əvvəllər məhkum olunmuş, 1993-cü il təvəllüdlü Əmrahov Heydər Nəsib oğlu Sulutəpə qəsəbəsi ərazisində ona bıçaqla hücum edib.
AzBaku.info Sputnik Azərbaycana istinadən məlumatına görə, hadisə nəticəsində gənc qız üz, ayaq və əl nahiyyələrindən müxtəlif dərəcəli xəsarətlər alıb.
Araşdırma zamanı məlum olub ki, hadisəni törədən şəxs qızın doğma əmisi oğludur. O, əvvəllər CM-nin 126 maddəsi ilə (Qəsdən sağlamlığa ağır zərər vurma) məhkum olunub.
Keçirilən əməliyyat zamanı saxlanılan Əmrahov bildirib ki, qohumu ilə arasında mübahisə Qəniyevanın düzgün iş seçməməsinə görə başlayıb. Belə ki, gənc qızın Sulutəpədə kafelərin birində ofisiant işləməsi, Əmrahovun xoşuma gəlməyib.
Heydər bildirib ki, onun qohumunun əsasən kişilərin olduğu restoranda işləməsi qəbuledilməzdir. Tərəflər arasında yaranan mübahisə zamanı Əmrahov bıçağa əl atıb. Faktla bağlı araşdırma aparılır.