Terrorla mübarizə ilə bağlı iki məcəlləyə dəyişikliklər qəbul edilib

Terrorla mübarizə ilə bağlı iki məcəlləyə dəyişikliklər qəbul edilib


Milli Məclis Azərbaycanda terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə mexanizmlərinin gücləndirilməsini və hüquqi şəxslərin bu sahədə məsuliyyətinin dəqiqləşdirilməsi məsələsini son oxunuşda qəbul edib.

Bununla bağlı Cinayət və Cinayət-Prosessual Məcəllələrinə təklif edilən dəyişiklik parlamentin payız sessiyasının bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Sənəddə qeyd olunub ki, hüquqi şəxs tərəfindən maliyyə əməliyyatları üzrə nəzarətin qanunvericiliklə müəyyən edilmiş qaydada təşkil edilməməsi nəticəsində vəzifəli şəxslər xidməti vəzifələrinin icrası ilə əlaqədar terrorçuluğun maliyyələşdirilməsi cinayətini törətdikdə hüquqi şəxsə cinayət-hüquqi tədbirlər cinayətin həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün törədilməsindən asılı olmayaraq tətbiq ediləcək.

Layihəyə əsasən, terrorçuluğun maliyyələşməsinin digər iqtisadi xarakterli cinayətlərdən mühüm fərqi ondan ibarətdir ki, bu əməlin əsas məqsədi maliyyə və ya digər iqtisadi mənfəətin əldə edilməsi deyil, vəsaitlərin terror aktının, terror təşkilatının və ya terrorçunun fəaliyyətinin maliyyələşdirilməsinə yönəldilməsidir.

Layihə müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.