Milli Müdafiə Universitetinin rektoru ABŞ-yə səfər edib

Milli Müdafiə Universitetinin rektoru ABŞ-yə səfər edib

Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin (MMU) rektoru general-mayor Gündüz Əbdülovun rəhbərlik etdiyi nümayəndə heyəti Amerika Birləşmiş Ştatlarına (ABŞ) səfər edib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində nümayəndə heyəti ABŞ Milli Müdafiə Universitetində (National Defense University - NDU) və Yaxın Şərq - Cənubi Asiya Strateji Araşdırmalar Mərkəzində (Near East South Asia Center for Strategic Studies - NESA) olub. Keçirilən görüşlərdə hərbi təhsil sahəsində ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, peşəkar hərbi təhsilin müasir çağırışlara uyğunlaşdırılması, strateji liderlik və müdafiə sahəsində insan kapitalının inkişafı məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

General-mayor G.Əbdülov MMU-da həyata keçirilən islahatlar, o cümlədən səriştəəsaslı təhsil modelinin tətbiqi, müasir zabit hazırlığı sisteminin təkmilləşdirilməsi, xidmətboyu təhsil konsepsiyası və hərbi təhsilin beynəlxalq təcrübə əsasında inkişaf etdirilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. Görüşlər zamanı tərəflər birgə akademik təşəbbüsləri, o cümlədən professor-müəllim heyətinin peşəkar inkişafı və mübadiləsi məsələlərini nəzərdən keçiriblər. Həmçinin, akademik kursların kurikulumlarının təhlili və peşəkar çavuş sisteminin inkişaf etdirilməsi diqqət mərkəzində olub. Görüşdə süni intellekt vasitəsilə hərb oyunlarının hazırlanması və digər maraq doğuran məsələlər üzrə qarşılıqlı əməkdaşlıq imkanları geniş müzakirə edilib.

Yekunda nəzərdə tutulan fəaliyyətlərin icrası barədə razılıq əldə olunub. Qeyd edək ki, bu cür görüşlər peşəkar hərbi təhsil sahəsində beynəlxalq tərəfdaşlığın genişləndirilməsi və qabaqcıl təcrübələrin öyrənilməsi baxımından yüksək əhəmiyyət daşıyır.