SOCAR-ın Əsaslı Kapital Qoyuluşları İdarəsinin rəis müavini Qiymət Mehdiyevin 11 aprel prezident seçkilərindən sonra Ağsu rayonuna icra başçısı təyin olunacağı barədə məlumatlar yayılıb.
Ağsu rayonunda son illər Azərbaycanda inkişafına xüsusi önəm verilən aqrar və turizm sahəsinin bərbad vəziyyətdə olması, rayon əhalisinin acınacaqlı vəziyyətdə yaşaması və son dövrlər Ağsu rayonundan ölkə rəhbərliyinə ünvanlanan şikayət məktublarının sayının artması Ağsu rayonunu xeyli müddətdir ki, nəzarətinə almaq istəyən Mikayıl İsmayılovu hərəkətə keçirib.
Məlumata görə, bəzi dairələrin razılığını alan SOCAR-ın vitse-prezidenti artıq ali instansiyada məsələnin reallaşmasını gözləyir.
Sakinlərin əksəriyyətinin rəsmi qurumlara göndərdikləri şikayətlərdə yazdıqlarına görə, Ağsu rayonu hazırda ƏƏSM naziri Səlim Müslümovun nəzarətindədir və rayonun əsas vəzifəli şəxsləri nazirin qohumlarıdır.
Yayılan məlumatlara görə isə Ağsu rayonunun problemlərinin günü-gündən artmasına səbəb rayona əsaslı kapitalın qoyulmaması ilə yanaşı, həm də yerli rəhbərliyin bacarıqsız fəaliyyətidir. Rayonda yeni iş yerlərinin açılması, turizm və aqrar sektorun inkişafını təmin etmək rayonun indiki rəhbərliyinin potensialı çərçivəsində deyil. Əslən Ağsudan olan iş adamları isə rayona sərmayə yatırmaq istəmirlər.
Məhz bu amillərə görə, prezident seçkilərindən sonra Ağsuya iqtisadiyyatı güclü bilən, enerjili icra başçısı təyin ediləcəyi gözlənilir. Dar çərçivədə yayılan bu məlumatı eşidən Mikayıl İsmayılov isə anındaca hərəkətə keçərək təkliflərini verib.
Mikayıl İsmayılovun Ağsu rayon İcra hakimiyyətinin başçısı vəzifəsinə namizəd gördüyü şəxs isə uzun illərdir dostluq münasibətində olduğu, iqtisadiyyatı yaxşı bilən, Azərbaycandan kənarda milyonlarla kapitalı olan Qiymət Mehdiyevdir. Düzdür, Qiymət Mehdiyev reallaşacağı mümkün olan bu təqdimata narazılığını bildirərək, əslində bu vəzifənin onun üçün "Pirr qələbəsi" olduğunu deyib, ancaq Mikayıl İsmayılov milyonları necə qazandırdığını yada salandan sonra Q.Mehdiyevin razılaşmaq məcburiyyətində qaldığı deyilir.
Qeyd edək ki, SOCAR-ın vəzifəli şəxslərinin rayonlara icra başçısı təyin olunması faktı bundan əvvəl də yaşanıb. Belə ki, Şamaxının, Pirallahının və Siyəzən rayonlarının icra başçıları hazırkı vəzifələrindən öncə SOCAR-da çalışıblar.
Xatırladaq ki, bir müddət öncə ölkə mediasında Qiymət Mehdiyevin həyat yoldaşının 16 milyon dollarlıq villa almasını əks etdirən məlumatlar yayılmışdı. Həmin məlumatlarda 1974-cü ildə anadan olmuş Mehdiyeva Könül Fərhad qızının Türkiyənin elit kurort bölgələrində Alik Dunkan Morrison və Karen Meri Morrison adlı şəxslərdən 16 ikimərtəbəli villa və 12 min 621.71 kvadratmetr torpaq sahəsini satın aldığı deyilirdi.
O zaman yazılan məlumatlarda Qiymət Mehdiyevin bu villalardan başqa xaricdə on milyonlarla dollar həcmində kapitalının olduğu da vurğulanırdı.
Yazılan bu məlumatlara sonradan SOCAR-ın Risklərin İdarəedilməsi Komitəsi (Komitə) münasibət bildilərək Qiymət Mehdiyevin xaricdə aldığı əmlakın dəyərinin bilərəkdən mətbuat tərəfindən 300 dəfə artırıldığı barədə açıqlama yaymışdı.
Ölkə ictimaiyyəti tərəfindən ciddi qarşılanmayan bu bəyanat, görünür, digər rəsmi qurumlarda da şübhələr doğurub. Əks təqdirdə xaricə daşınan milyonların geri qaytarılmasına start verilməzdi... /Qlobal/