Alı Qocayevin adı yenidən QALMAQALDA - torpaq sahəsini pay verib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Arif Alışanova qarşı dələduzluq etməkdə və onu öldürməyə cəhddə təqsirləndirilən Şücayət Əkbərov, Qoçəli Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

AzBaku.info "Report"a istinadən xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Rövşən Eynalov ifadə verib.

O bildirib ki, təqsirləndirilən Z.Şirinov onun bacısı oğludur və həbs edildiyi zaman Şamaxı Rayon Polis Şöbəsinə aparıldığını görüb.

Şahid Ülvi Mirzəyev dindirilən zaman qeyd edib ki, Ş.Əkbərovun qızının evinin tikinti işləri ilə məşğul olub. O, evin tikintisinə 80 min manat pul xərcləndiyini deyib: "Evin tikintisinə həm Şücayət Əkbərov, həm də qızının qayınatası köməklik edib".

Ü.Mirzəyev ifadəsində söyləyib ki, Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev Ş.Əkbərovun qızı üçün torpaq sahəsini pay verib.

Digər şahid İsmət Abışov bildirib ki, zərərçəkmiş Dəyanət Cəfərov onu və Ş.Əkbərovu Gəncəyə texnika almağa aparıb. O, hər iki traktorun pulunu A.Alışanov tərəfindən verildiyini söyləyib.

Ş.Əkbərov isə şahidin yalan danışdığını, traktorun birinin pulunu özünün verdiyini ifadə edib.

Daha sonra Şamaxının Mədrəsə kəndinin bələdiyyə sədri olan Asif Bayramov ifadə verib. O, özünə aid 12 sot torpağı Ş.Əkbərova 5 min manat qiymətinə satdığını bildirib.

Məhkəmədə fasilə yaranıb. Bu zaman təqsirləndirilən Ş.Əkbərov digər təqsirləndirilən A.Hüseynov və onun qardaşı ilə əvvəl mübahisə edib, onlar sonra bir-birinin ünvanına təhqiredici ifadələr işlədiblər.

Hakim hər iki təqsirləndirilən şəxsə xəbərdarlıq edib. A.Hüseynov isə məhkəmə zalından bir neçə dəqiqəlik çölə çıxarılıb.

Qısa fasilədən sonra şahid Habil Bayramov dindirilib. O söyləyib ki, A.Hüseynova 4 hektar torpaq satıb.

A.Hüseynov isə pulu Ş.Əkbərovun ona verdiyini, sadəcə, alqı-satqı zamanı orada iştirak etdiyini söyləyib.

Daha sonra məhkəmədə iki qadının dindiriləcəyi elan olunub. Hakim həmin şahidlərin ifadəsi zamanı məhkəmənin qapalı keçirildiyini söyləyib.

İttiham aktına əsasən, Ş.Əkbərov 2013-cü ilin iyulundan 2017-ci ilin yanvarınadək olan dövr ərzində Şamaxı rayonunda və Bakı şəhərində külli miqdarda özgə əmlakını və əmlaka olan hüquqları aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirmək məqsədilə dələduzluq edərək yaratdığı mütəşəkkil dəstə tərkibində qanunsuz silah, döyüş sursatı əldə edib saxlayaraq, daşıyıb-gəzdirib, başqa cinayəti gizlətmək məqsədilə, tamah niyyətli və sifarişlə iki və daha çox şəxsi təkrarən qəsdən öldürməyə cəhd edib. O, həçinin A.Alışanovun 4 milyon 641 min 696 manatlıq əmlakını da ələ keçirməkdə təqsirli bilinir.

Cinayət materialına əsasən, Ş.Əkbərov həmin pul vəsaitləri və əmlakları geri qaytarmaq məqsədilə yaxın münasibətlərdə olduğu Qoçəli Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovla dələduzluq cinayət əməlini gizlətmək üçün A.Alışanovu öldürmək istəyiblər. Ş.Əkbərov bunun müqabilində dəstə üzvlərinə 600 min manat pul vəd edib.

Polis əməkdaşları Ş.Əkbərovu, Q.Cəbiyevi, A.Hüseynovu və Z.Şirinovu saxlayıb. Məhkəmənin qərarı ilə Ş.Əkbərov, Q.Cəbiyev, A.Hüseynov və Z.Şirinovun barəsində həbs qətimkan tədbiri seçilib.

Ş.Əkbərov Cinayət Məcəlləsinin 29,120.2.1-ci (qəsdən adam öldürməyə cəhd, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd), 29,120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürməyə cəhd), 29,120.2.6-cı (başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə, habelə zorlama və ya seksual xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar adam öldürməyə cəhd), 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 29,120.2.10-cu (təkrar adam öldürməyə cəhd), 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə), 228.3-cü (qanunsuz olaraq odlu silah qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunur.

Digər şəxslərin barəsində isə 29,120.2.1, 29,120.2.5, 29,120.2.6, 29,120.2.7, 29,120.2.10, 228.3-cü maddələrlə ittiham irəli sürülüb.