Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Sənan Əzimovun (1987-ci il təv.) CM-nin 120.2.5-ci (tamah məqsədi ilə qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq soyuq silahı əldə etmə, satma və ya gəzdirmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışı başa çatıb.
AzBaku.info-nun məlumatına görə, bu il fevralın 20-də Suraxanı rayonun Əmircan qəsəbəsində, dəmir yolu platformasında Bülbülə qəsəbə sakini Sənan Əzimov tanışı Rüfət Palejniyə (1987-ci il təv.) bıçaqla xəsarətlər yetirərək, onu qəsdən öldürüb.
Hadisədən sonra Əzimov könüllü Suraxanı RPİ 31-ci polis bölməsinə gələrək, təslim olub.
İstintaq zamanı məlum olub ki, işsiz olan dostlar birgə iş qurmaq qərarına gəliblər, fikirləri telefon mağazası açmaq olub. Buna görə hər ikisi müəyyən qədər pul tapıb. Ayın 20-də isə aralarında pulun sərf edilməsi və işə başlamaqla bağlı mübahisə yaranıb. Mübahisə zamanı Rüfət Sənanın ünvanına söyüşlər işlədib. Əsəblərini cilovlaya bilməyən Əzimov isə bıçaqla dostuna 2 zərbə endirərək, onu öldürüb.
Məhkəmə prosesində Sənan Əzimov ittiham üzrə özünü qismən təqsirli bilib. O cinayəti tamah məqsədi ilə törətmədiyini deyib:
“Rüfət mənim uşaqlıq dostum olub. İş qurmaq üçün ondan 6000 manat pul almışdım. Yanımda işləyirdi, həmin məbləğdən 1500 manatı qaytardım. Fevral ayında gözlənilmədən məndən qalan bütün borcu istədi. Məni görüşə çağırdı, deyəsən sərxoş idi.
Söz verdim ki, pulu qaytaracam. Mənə əl atdı, onu yumruqla vurdum. Yerə yıxıldı, qaldırdım ayağa. Dedi ki, gedək dostlarımı çağırım, söhbət edək. Mənə zəng gəldi, telefonla danışanda gördüm ki, yerdən nəsə götürüb, üstümə gəlir. Geri çəkilib, bilmədən onu bıçaqla vurdum”.
Əzimov əməlindən peşman olduğunu bildirib, mərhuma qaldığı pul borcunu doğmalarına qaytaracağını söz verib.
İfadə verən zərərçəkmişin hüquqi varisi Vasiliy Palejniy deyib ki, təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur.
Çıxış edən dövlət ittihamçısı S.Əzimova 17 il cəza təyin edilməsini xahiş edib.
Məhkəmə təqsirləndirilən şəxsin əməlini CM-nin 120.2.5-ci maddəsindən 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edib.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.