Beyləqan rayonunda icra başçısı kreslosunda 6 ildən çoxdur əyləşən Vaqif Abdullayevin sağalmaz rüşvət xəstəliyinə tutulması rayonda fəaliyyət göstərən idarə və təşkilat rəhbərlərini banklara borclu salmaqla bərabər, həm də əsəb xəstəliyinə düçar edib. Rayondakı idarə müdirlərinin birinin başına faciə gələndə, sanki başçıya bayram sovqatı bəxş olunur və hər bir faciə Vaqif Abdullayev üçün külli qazanc mənbəyinə çevrilir. Məsələn, 2015-ci ildə parlament seçkiləri ərəfəsində Beyləqan DSK-nın sədri Azər Əliyev gecə işdən evinə gedərkən qəza keçirdi. Vaqif Abdullayev qəzaya düşən insana mənəvi yardım göstərmək əvəzinə, dərhal rayon hüquq-mühafizə orqanlarından istifadə edib, "səhhətində yaranmış problemə görə" Azər Əliyevin işdən çıxması barədə ərizəsini aldı və tez bir zamanda DSK sədri vəzifəsini, proses iştirakçılarının dediklərinə görə, 15 min manata satdı. Icra başçısı Azər Əliyevin ailəsini dolandırmaq üçün 3 ildir iş barədə dəfələrlə yazılı və şifahi etdiyi saysız müraciətlərə isə əhəmiyyət belə, vermir.
Son 6 ildə Beyləqanda icra başçısı kürsüsündə əyləşdirilmiş Vaqif Abdullayev tərəfindən baş vermiş bu cür hadisələrin siyahısını çox uzatmaq olar. Amma icra başçısının fəaliyyət prinsiplərinin mahiyyətinin yalnız rüşvət almaq yolu ilə qazanc əldə etməkdən ibarət olduğunu oxuculara çatdırmaq üçün yuxarıda gətirdiyim misalın yetərli olduğunu düşünürəm.
Maraqlıdır ki, Vaqif Abdullayev tərəfindən rayondakı bütün təşkilat və idarə rəhbərlərinin hər birinin aylıq haqq verməyə cəlb olunması icra başçısını qətiyyən qane etmir. Başçı haqqını alıb, özü təyin etdiyi vəzifəli şəxslərin belə, uzun müddət həmin vəzifədə qalmasına da imkan vermir və vəzifəni boşaldıb, başqasına satmaq üçün gizli və ya açıq oyunlar təşkil edir və şikarını vaxtında razı salmağı bacarır. Məsələn, 2012-ci ilin aprelində Beyləqana icra başçı təyin olunan kimi, vəzifəsindən çıxaracağı ilə hədələdiyi Təhsil şöbə müdiri Tofiq Sadıqovdan istədiyini aldıqdan sonra, onu 4 il rayon təhsil şöbəsinin müdiri vəzifəsinda saxladı və ondan lazımınca bəhrələndi. Daha sonra istənilən məbləği verməkdən imtina edən T.Sadıqov vəzifədən çıxarıldı.
Təhsil Şöbəsinin müdiri vəzifəsindən azad edilən Tofiq Sadıqov isə, Vaqif Abdullayevə çox yüksək məbləğ rüşvət(20 min manat) verdikdən sonra 2017-ci ildə, "Həmkarlar ittifaqları haqqında" Azərbaycan Respublikası Qanunu kobud şəkildə pozmaqla (Təhsil işçiləri həmkarlar ittifaqı təşkilatı Beyləqan təşkilatı nda uçotda olduğu halda) Dövlət və Xidmət idarəəri işçiləri həmkarlar ittifaqı Beyləqan RK-nın sədri təyin edilib. Artıq bir ildən çoxdur ki, saxta yardım və mükafatlar yazıb mənimsəməklə, putyovka satmaqla vəzifəyə gələndə verdiyi rüşvəti geri qaytarmaqla məşğul olan Tofiq Sadıqov törətdiyi cinayətlərin üstünü ötr-basdır etmək barədə düşünmək əvəzinə, TŞ-də bərbər törətdikləri cinayət ortağı Hüsaməddin Babayevin Təhsil Şöbə müdiri vəzifəsinə gətirilməsi üçün canfəşanlıq etməklə məşğuldur.
Hazırda Vaqif Abdullayevin Rayon Təhsil şöbəsi üzərində rüşvət əldə etmək üçün oyuna başladığı və Təhsil Işçiləri həmkarlar ittifaqı Beyləqan RK-nın sədri Tahir Həsənovu və Təhsil Şöbəsi müdirinin müavini Hüsaməddin Babayevi bu oyuna cəlb etdiyi bildirilir.
Biz bu yazıda icra başçısının Beyləqanda qurduğu rüşvətxorluq torunun bizə məlum olan külliyatından yalnız təhsil sahəsindəki xırda bir detalından bəhs etdik. Növbəti yazılarımızda Beyləqanı büs-bütün sarmış və hər ay icra başçısına yüz minlərlə qazanc bəxş edən rüşvətxorluq şəbəkəsinin daha geniş detallarından söz açacağıq. (milletinsesi)
( Ardı var )
P.S. Məqalədə qeyd edilən faktlarla bağlı qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.