Etibar Pirverdiyevin vəzifəsindən azad edilməsinin görünməyən tərəfi...
Sentyabrın 4-də Prezident İlham Əliyev Etibar Pirverdiyevin "Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsindən azad edilməsi haqqında sərəncam imzaladı. Dövlət başçısının konstitusion hüququndan istifadə edərək kadr dəyişikliyi həyata keçirməsi qeyri-adi olmasa da, Prezident Administrasiyası bəlkə də ilk dəfə bu addımı zəruri edən səbəblə bağlı açıqlama yaydı. Həmin açıqlamada deyilir: “2018-ci il iyulun 3-də Mingəçevir şəhərində yerləşən “Azərbaycan İstilik Elektrik Stansiyası” Məhdud Məsuliyyətli Cəmiyyətinin yarımstansiyalarından birində cərəyan transformatorunda qəza baş vermişdir. Qəza nəticəsində Azərbaycanın enerji sistemində ciddi problemlər yaşanmış, Bakı və Gəncə şəhərləri də daxil olmaqla, respublikanın 39 şəhər və rayonunun elektrik enerjisi ilə təminatında fasilə yaranmışdır. Baş vermiş qəzanın səbəblərini araşdırmaq və nəticələrini aradan qaldırmaq məqsədilə elə həmin gün Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Respublikası Baş nazirinin birinci müavininin rəhbərliyi ilə Dövlət Komissiyası yaradılmışdır. Azərbaycan Prezidenti tərəfindən Dövlət Komissiyasına təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması məqsədilə hadisənin başvermə səbəblərini araşdıraraq, obyektiv rəy hazırlanması və gələcəkdə belə halların təkrarlanmaması üçün təkliflərin verilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər görülməsinə dair çox ciddi tapşırıqlar verilmişdir. Ötən müddət ərzində Dövlət Komissiyası tərəfindən yerli və xarici ekspertlər, aidiyyəti dövlət orqanlarının və qurumlarının nümayəndələri də cəlb edilməklə, qəzanın başvermə səbəbləri ciddi araşdırılmış, mövcud çatışmazlıqlar və problemlər, habelə qəzanı doğuran hallar da əks olunmaqla, hərtərəfli və geniş rəy hazırlanaraq Azərbaycan Respublikasının Prezidentinə təqdim edilmişdir. Hazırlanmış rəydə baş vermiş qəzanın əsas səbəblərindən biri kimi “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin qəzaya lazımi səviyyədə hazır olmaması, fəaliyyətində mövcud olan texniki və bir sıra digər çatışmazlıqlar üzündən qəzaya adekvat reaksiya verə bilməməsi, habelə nəticədə ölkənin enerji sistemində qəzaya gətirib çıxaran bir sıra digər nöqsanlara yol verdiyi qeyd olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti Dövlət Komissiyasının yekun rəyi ilə tanış olmuş və işdə yol verdiyi nöqsanlara görə “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyevi tutduğu vəzifədən azad etmişdir”.
İstefasının səbəbi ilə bağlı Prezidenti Administrasiyasından yayılan bu məlumatın ardınca Etibar Pirverdiyev dərhal mətbuata açıqlama verir və belə bir ifadə işlədir: “Hesab edirəm ki, prezidentə hər şey daha yaxşı məlumdur”. Cənab Pirverdiyevin bununla nə demək istəməsi məlum olmasa da, onun hansısa incəliklərə işarə etdiyi şübhəsizdir. Dövlət Komissiyasının rəyinə hörmətlə yanaşdığını, nüfuzlu beynəlxalq komissiyaların nümayəndələrinin də müvafiq rəyləri verməsini də dilə gətirməsində onun istefasını başqa səbəblərlə əlaqələndirdiyi aydın görünür.
Qeyd edək ki, Etibar Pirverdiyev “Azərenerji” ASC-nin prezidenti vəzifəsinə 27 noyabr 2001-ci ildə mərhum prezident Heydər Əliyevin sərəncamı ilə təyin edilmişdir. Etibar Pirverdiyevin istefası nə qədər gözlənilən idi? Bu sualın cavabı birmənalıdır-“Azərenerji” ASC-də rəhbər dəyişikliyi zəruri və gözlənilən idi. Hətta iyulun 3-də baş vermiş qəza olmasaydı belə, Etibar Pirverdiyev uzun müddət vəzifəsində qala bilməyəcəkdi. 11 aprel seçkilərindən sonra Nazirlər Kabinetinin tərkibində baş vərən ciddi kadr dəyişikliyi, xüsusilə də bu prosesin bütövlükdə kadrların yenilənməsinin bir hissəsi olduğundan səhmləri dövlətə məxsus ASC-lərin rəhbərlərinin də dəyişdiriləcəyi gözlənilən idi. Bu arada isə ilk növbədə vəzifəyə 2003-cü ildən əvvəl təyin olunmuş, yəni “köhnə qvardiya”ya aid edilən kadrlar yola salınmalı idi. Etibar Pirverdiyevi “Azərenerji” ASC-nin prezidenti postunda əvəz edən Balababa Rzayev isə sələfindən fərqli olaraq “köhnə qvardiya”ya mənsub deyil. Güman ki, cənab Pirverdiyev də istefasının səbəbi ilə bağlı məhz bu məqama işarə edib. Bu tamamilə məntiqli olduğu qədər də, arzuolunandır.
Məhz həm də bu səbəbdən vəzifəsini itirmək növbəsinin “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadəyə çatdığını söyləmək olar. Hakim dairədən yenixeber.org-a daxil olan məlumata görə iyulun 3-də məlum qəza olmasaydı, baş melioratorçu vəzifədən alınmasında baş energetiki arxada qoyacaqdı. Baxmayaraq ki, Etibar Pirverdiyevin karyerasına son qoyan hadisənin eynisi 2010-cu ilin may ayında Əhməd Əhmədzadənin də "başı üzərində qara buludlar toplamışdı". O zaman Aran zonasını əhatə edən geniş miqyaslı daşqın nəticəsində Salyan,Sabirabad, Saatlı, Hacıqabul, Şirvan, İmişli, Kürdəmir rayonlarının çay sahili boyu əraziləri suyun altında qalmışdır. Ölkənin şərq hissəsində Şirvan ərazisində Kür seli çay səddini dağıtmış və Bayramlı qəsəbəsini basmışdır. Amma, təcrübəsi və nüfuzu sayəsində cənab Əhmədzadə təhlükədən xilas ola bilmişdir. İndi isə nə zaman o zaman deyil, nə tələblər və reallıq. “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadənin görəvdən alınması yuxarı dairələrdə müzakirə predmetidir.
Son 26 ildə Əhməd Əhmədzadənin müasir tariximizdə oynadığı rolu, başçılıq etdiyi “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin fəaliyyəti, biznes strukturları və onun sayəsində doğmalarının müxtəlif postlara necə sahib olmaları ilə bağlı geniş yazını yaxın günlərdə yenixeber.org-da oxuya biləcəksiniz.
Qarşı tərəfi də dinləməyə çalışacağıq.