Deputatdan Rüfət Aslanlıya sərt tənqid - “65 min maaş alır, adına şərab buraxır...”

Deputat Vahid Əhmədov parlamentin bu gün keçiriləın iclasında Maliyyə Bazarlarına Nəzarət Palatasının keçmiş Direktorlar Şurasının sədri Rüfət Aslanlını sərt tənqid edib.

“Qafqazinfo” xəbər verir ki, iclasda çıxış edən deputat qeyd edib ki, bu yaxınlarda prezidentin sərəncamı ilə Maliyyə Bazarlarına Nəzarət Platasının Direktorlar Şurası ləğv edildi:

“Vaxtında biz palata ilə bağlı məsələləri qaldıranda bəzi deputatlar əleyhimizə çıxış etdilər.

Biz haqlı idik. Bu Palata iki ildir ki, fəaliyyət göstərir. Ancaq son 6 ayda fəaliyyətində dirçəlmə baş verdi. Bu da İbrahim Alişovla bağlıdır. Elə vaxt olur ki, həftədə iki -üç dəfə İbrahimlə danışıram. Müəyyən məsələləri müzakirə edə bilirik. Rəhbərlikdə normal insan olanda danışmaq olur. Yoxsa gedib o birisi kimi (Rüfət Aslanlı) öz adına şərab buraxasan. Üstünə adını yazdırasan. 65 min manat maaşı da özün alasan. Bu harda görülüb ki? Normal adam olsaydı, normal işləyərdi”.

***

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə də qeyd edib ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının fəaliyyətində ciddi nöqsanlar vardı: “Maliyyə Bazarlarına Nəzarət Palatası yaranan vaxt böyük gözləntilər vardı. Amma çox təəssüflər olsun ki, bu gözləntilər özünü o qədər də doğrultmadı, ciddi səhvlərə yol verildi. Bu haqda mətbuatda da geniş yazıldı. Amma düşünürəm ki, dövlət başçısının Palata ilə bağlı imzaladığı son sənəddən sonra bu qurumun fəaliyyətində ciddi dönüş yaranacaq. Çünki buna ciddi ehtiyac var və artıq ilkin müsbət işartılar da özünü göstərməkdədir”.

Qeyd edək ki, ötən il “Grand Vin de Bordeux” şirkətinin Rüfət Aslanlının şərəfinə şərab istehsal etdiyi barədə məlumat yayılmışdı. Bildirilirdi ki, Maison şərab şüşəsinin etiketində “Maison d'Aslanli” yazısı qeyd olunub. Bundan başqa etiketdə azərbaycanlı məmurun imzası görmək mümkündür.
Deputatdan Rüfət Aslanlıya sərt tənqid - “65 min maaş alır, adına şərab buraxır...”