“Təhsil sisteminin maddi-texniki bazası möhkəmlənir. Son 15 il ərzində 3000-dən çox məktəb tikilib və təmir edilib”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri prezident İlham Əliyev dünən Heydər Əliyev Mərkəzində VI Bakı Beynəlxalq Humanitar Forumun rəsmi açılış mərasimində deyib.
Ölkə başçısı son illər bu sahədə olan yeniliklərdən də danışıb:
“Deməliyəm ki, Azərbaycanda cəmi 4500-dən bir qədər çox məktəb var, onların əksər hissəsi ən yüksək standartlar səviyyəsində qurulub. Eyni zamanda, müəllim peşəsinə maraq da çox böyük dərəcədə artır.
Aparılan islahatlar, o cümlədən maaşların əhəmiyyətli dərəcədə artırılması, məktəblərin təmiri və digər stimullaşdırıcı addımlar nəticəsində müəllim olmaq istəyənlərin sayı dəfələrlə artıb və bu il biz bunu əyani şəkildə görmüşük. Test imtahanlarında yüksək ballar toplayan abituriyentlər arasında müəllim olmaq istəyənlərin sayı bir neçə dəfə artıbdır. Yəni, bu, onu göstərir ki, humanitar sahənin əsas hissələrindən biri olan təhsil sahəsinə çox böyük diqqət göstərilir və gözəl nəticələr vardır”.