Bir neçə gün bundan əvvəl Hüquq müdafiəçisi Taleh Xasməmmədova müraciət ünvanlanlayan Binəqədi rayonu, Dərnəgül qəsəbəsi ,Səttar Bəhlulzadə küçəsi 23, ev 3, mənzil 34 ünvanında yaşayan, Ağdam rayonundan məcburi köçkün düşmüş Məmmədova Sevinc Sahib qızı xahiş etdi ki, mətbuat vasitəsilə onun şikayətini ölkə başçısı İlham Əliyevə və ictimaiyyətə çatdırsın. Hüquq müdafiəçisinin GundemXeber.Az-a ünvanladığı həmin müraciəti çoxsaylı oxucularımıza təqdim edirik:
''Sevinc Məmmədova 1993-ci ildən Ağdam rayonundan məcburi köçkün düşmüş, həmin vaxtdan etibarən Bakı şəhəri, Dərnəgül qəsəbəsində yerləşən binalardan birində müvəqqəti məskunlaşmış olub. Keçən il Fövqəladə Hallar Nazirliyinin apardığı müşahidələrdən müəyyən olunub ki, bina ciddi şəkildə qəzalıdır və sakinlər təcili olaraq köçürülməlidir. Həmin vaxt Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən qərara alınıb ki, qaçqın və məcburi köçkünlər qəzalı binadan evlə təmin olunaraq Bakı şəhərinin Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park” yaşayış kompleksinə köçürülsünlər. Amma Komitənin Binəqədi sektorunun müdiri İlqar müəllimin açdığı “bazar və tamah”, Komitəyə yeni təyin edilmiş sədr Rövşən Rzayevin komandasının etinasızlığı Sevinc xanımın yeni mənzilə köçməsinə əngəl olub.
Belə ki, evlə təmin olunacaq şəxslər sırasında Sevinc Məmmədovanın adı olduğu səbəbindən 30 iyul 2018-ci il tarixdə sözügüdən Komitənin Binəqədi sektor müdiri İlqar müəllim Sevinc xanıma zəng edərək “muştuluq” verməsini və 2 gün sonra 02 avqust tarixində püşkatmaya gəlməsini bildirib. Sevinc Məmmədova həmin günü şənbə, növbəti günü bazar olduğundan, həm də İlqar müəllimə veriləcək pulun az olacağını güman edərək elə püşkatma günü “şirinlik” vermək qənaətinə gəlib. Bu söhbətdən sonra bəzi qonşuların dediyindən Sevinc Məmmədovaya məlum olub ki, “muştuluq” üçün edilmiş zəngə görə gərək təcili olaraq 5000 manat aparıb pul keçirəsən. O qədər pulu vermək imkanı olmayan Sevinc xanım 2 gün sonra dəvət olunduğu yerə püşkatma üçün gedib və orada siyahı yoxlanarkən görüb ki, onun adının qarşısına karandaşla işarə qoyulub ki, “yox”. Bu cür anormal və qanunsuz halla qarşılaşan xanım etiraz edib və şikayət edəcəyini bildirib. Amma nə ona qulaq asan olub, nə də ki, "yox" cavabına görə məsuliyyət hiss edən tapılıb...
Həmin ay Komitə sədri Rövşən Rzayevin qəbulunda olan Sevinc Məmmədova öz etirazlarını sədrə də bildirib və şikayətini təqdim edib. Komitə sədri ona mənzil verilməsindən imtina edilmədiyini nəzərə çatdıraraq, yaxın vaxtda araşdıraraq rəsmi cavab verəcəyini diqqətə çatdırıb.
Komitə sədri Rövşən Rzayevlə görüşdən və ona edilən müraciətdən 3 ay keçməsinə baxamayaraq bu günə qədər hər hansı cavab verilməyib və ehtimal olunur ki, korrupsiyaya qurşanmış bu qurum öz süründürməçiliyini davam etdirəcək.
Bildiyiniz kimi Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 24-də Bakı şəhərinin Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park” yaşayış kompleksinin açılışını 2 həftə əvvəl Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin edilmiş Rövşən Rzayevlə birlikdə etmişdi. Tədbirdə ölkə başçısına hər şeyin qayda-qanunla həyata keçiriləcəyini vəd vermiş sədr bir neçə ay ərzində fikrini dəyişərək ona etimad göztərən şəxslərə üç çevirmiş oldu. O fərman və qanunları saymazdan gəldi. Artıq həmin sədr nə Qanun tanıyır, nə də ki, ölkə başçısının Fərman və tapşırıqlarını...
Qeyd edim ki, müraciət edən Məmmədova Sevinc Sahib qızı hal-hazırda FHN-nin yaşayış üçün təhlükəli hesab etdiyi binada çox çətin şəraitdə yaşayır, onun nə İlqar kimi müəllimlərə 5000 manat “muştuluq” vermək imkanı var, nə də ki, qəzalı binada yaşamaq... Eyni zamanda ona mənzil verilməsinə "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" Azərbaycan Respublikasının Qanununda və digər qərarlarda nəzərdə tutulmuş hər hansısa maneə yoxdur. Odur ki, aidiyyatı orqanlardan şikayətin dərhal nəzarətə götürülməsinə və müsbət cavablandırılmasına ümid edirik.''
Dia.az