SOCAR-ın vitse-prezidenti Süleyman Qasımov Mikayıl Cabbarova QARŞI-6 milyard...

Bu yaxınlarda Vergilər Nazirliyi SOCAR-da 6 milyard vergi borcunun olduğunu aşkarlayıb.

Redaksiyamıza daxil olan məlumata görə, Vergilər və Maliyyə Nazirliklərinin əməkdaşları SOCAR-da yoxlamalar aparıb. Nəticədə ortaya ciddi faktlar çıxıb. Məlum olub ki, SOCAR-ın 6 milyard manat vergi borcu var.

Burada ilk diqqət çəkən məqam Mikayıl Cabbarovun vergilər naziri təyin olunmasından sonra bu sahədə xeyli inkişafın olmasıdır. Cabbarov köhnə rəhbərlikdən qalan neqativ halları qısa zamanda aradan qaldırmaq üçün ortaya ciddi fəaliyyət qoyur, xüsusilə "vergi yoxlamaları” adı altında obyektlərdən "haqq” toplayan dələduzları sistemdən uzaqlaşdırır.

Mikayıl Cabbarovun bu postdakı fəaliyyəti fonunda SOCAR-ın vergi borcunun müəyyən edilməsi irəliyə doğru atılmış böyük addım hesab oluna bilər. Çünki əvvəlki rəhbərliyin dövründə bu mümkün olmazdı.

Lakin SOCAR-ın vitse-prezidenti Süleyman Qasımov aparılan yoxlamaları lağa qoyaraq, saymazyana davranış nümayiş etdirdi. Diqqətçəkən məqam isə odur ki, qurumun vitse-prezidenti bunu kulislərdə yox, birbaşa jurnalistlərin və müxtəlif qonaqların iştirakı ilə keçirilən konfransda etməsidir.

Belə ki, bu ilin 2 oktyabr tarixində Bakıda "Azərbaycanda mühasibat uçotu üzrə yeni standartların tətbiqi: problemlər və perspektivlər” mövzusunda konfrans keçirilib. Konfransda çıxış edən Süleyman Qasımov SOCAR 1997-ci ildə beynəlxalq mühasibatlıq standartlarının tətbiqinə keçdiyini diqqətə çatdırıb, ardınca Vergilər və Maliyyə Nazirliklərini tənqid edib:

"Bayaq burda Maliyyə Nazirliyindən Firuzə xanım və Vergilər Nazirliyindən Xaqani Abdullayev burada idi. Amma indi onlar buranı tərk edib. Əslində onlar burada əyləşib sizi dinləməli idilər”, - deyə o bildirib.

Miq.Az-ın əldə etdiyi məlumata görə, S. Qasımovun aşikaranə formada hörmətsizlik etməsinə səbəb əslində onun "quyruq acısı”ndan irəli gəlir. Çünki Vergilər Nazirliyi SOCAR-ın 6 milyard vergi borcunun olduğunu ortaya çıxarmış və bunun ödənməsini tələb etmişdi. Vergilər və Maliyyə Nazirliklərinin sözügedən konfransı vaxtından əvvəl tərk etməsi S.Qasımovun bu nazirlikləri, xüsusilə vergilər naziri Mikayıl Cabbarovu "vurmaq” üçün əlinə "fürsət” verib. Və o, dövlət qurumlarına qarşı özünü LOVĞA-LOVĞA aparmaqdan çəkinməyib. Halbuki, Mikayıl Cabbarovun ona etimad edilən vəzifələri necə yerinə yetirdiyi də ictimaiyyətə bəllidir, SOCAR və qurumun vitse-prezidenti Süleyman Qasımovun da...Görünür, Süleyman Qasımovun Mikayıl Cabbarova qarşı 6 milyardlıq etirazına səbəb arxasında dayanan güclərin "çubuğundan" da xəbər verir.

Əgər şübhələr varsa, 20.12.2016 tarixində saytımızda yayımlanan SOCAR-IN "QARA KASSA”SI: VİTSE-PREZİDENTLƏRİN PREZİDENTLİK İDDİASI (http://miq.az/az/socar-in-qara-kassasi-vitse-prezidentlerin-prezidentlik-iddiasi/) araşdırmasına baxa bilərsiniz.

Yeri gəlmişkən, SOCAR-ın vitse-prezidenti Süleyman Qasımovun Turkiyədə, Petkində 70 milyonluq lahiyəni şişirdib 300.000 milyona qaldırması ilə bağlı da Miq.az-a məlumat daxil olub. Daxil olan məlumatda o da qeyd olunur ki, şişirdilmiş bu 300. 000 milyonluq lahiyənin həyata keçirilməsində vitse- prezidentin ən yaxın adamı-oğlunun rəhbərlik etdiyi şirkətin adı hallanır.

Bu mövzu ilə bağlı araşdırmamız hələ yekunlaşmadığından növbəti yazımızda bu mövzuya qayıdacağıq.

Yazıda adları şəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
Bizi izləməkdə davam edin...

mənbə Miq.az