Rövşən Rzayev məcburi köçkün ailəsini intihar həddinə çatdırıb... - "İndi tək ümidim qalıb intihar etməyə..."

"Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri təyin olunandan sonra Rövşən Rzayevin əvvəlki sədr Əli Həsənovdan fərqli olaraq qaçqınlara gün ağlayacağına ümid edirdik. Amma indi görürük ki, Rövşən Rzayev də vəzifəyə pul qazanma yeri kimi baxır". Bu sözlər DİA.AZ-a daxil olan şikayət məktubundandır.

Füzuli rayonundan məcburi köçkün düşən Ramin Heydərov bildirir ki, gənc ailə başçısıdır və bir xəstə övladı var: "Amma bizim ailəyə qarşı Rövşən Rzayev gələndən sonra sanki bir "səlib yürüşü" başladılıb. Bilmirəm bizdən nə istəyirlər. Bizi qeydiyyatda olduğumuz yataqxanadan da çıxarıblar. Səbəb də göstərmirlər. Dəfələrlə "Qaçqınkom"um işçisi İbrahim müəllimlə əlaqə yaratmaq istəsəm də, telefonlarıma cavab vermir.

İndi tək ümidim qalıb intihar etməyə. Ailəmi də xəbərdar etmişəm".

Bu gün Rövşən Rzayevin qəbuluna yazıldığını deyən Füzuli qaçqını onu da bildirdi ki, sədr onu qəbul etməzsə, qərarında qətidir: "Özümü "Qaçqınkom"un qarşısında yandıracam. Çünki çarəsizəm, dövlət tərəfindən heç bir qayğı görməmişəm və Rövşən Rzayev gələndən bəri isə imtiyazlarımızı bir-biri itiririk".

Onu da bildirək ki, məcburi köçkünün ittihamları ilə bağlı biz də sözügedən qurumla əlaqə saxlamağa çalışsaq da, telefonlarımıza cavab verən olmadı.

Yenə də qarşı tərəfi də dinləməyə hazırıq...