Ziyəddin Əliyev və onu oliqarxlara tən tutan Avropa biznesi
Araşdırmaçı jurnalist Cavanşir Həsənli Quba rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyevin Avropadakı biznesini ifşa edib.
AzToday.az həmin yazını təqdim edir:
Deməli ölkədə korrupsiya o həddədir ki, hətta əyalətlərin "kiçik padşah” adlandırdığımız piranya-məmurları da çəkinmədən, qorxu-hürkü bilmədən əllərinə keçəni talayır, xaricə daşıyırlar.
Sanki yarışırlar, "dövlətin malı dəniz” deyibən…
Məsələn, ölkədə bir-iki karxanasından başqa gözə elə bir biznesi dəyməyən, saytlarda özü haqqında palaz-palaz yazılar çıxartdırıb "dövlətçiliyə xidmət və sədaqət” minnətini böynumuza qoymağa çalışan bir icra başçısının da səsi Avropalardan gəlir.
Adam "Əməkdar mühəndis” adı alıb. Uzun illər yol təsərrüfatında rəhbər vəzifələrdə işləyib, elə o vaxtdan yolunu Çexiyaya salıb, şirkət qurub, şirkətinin menecerliyini çex qadına həvalə edib.
Sonra bir az da irəli gedib, Avstriyada növbəti şirkətini açlb. Tikinti materialları ticarətinə girişib. Bu o adamdır ki, 2017-ci ilin dekabrında Quba rayonuna icra başçısı təyin olunur.
Arayış: Quba rayon İcra Hakimiyyətinin başçısı Əliyev Ziyəddin İsmayıl oğlu 27 iyun 1963-cü ildə Ermənistanın Krasnoselsk rayonunun Ardanis kəndində anadan olub. 2002-2008-ci illərdə "Bakı Yol Tikinti-1” ATSC-nin direktoru, 2009-2010-cu illərdə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin "Azəryolservis” ASC-nin "77 saylı Yol İstismarı” MMC-də baş mühəndis, 2010-2013-cü illərdə "Mühəndis Yol Təmir-Tikinti” MMC-də baş mühəndis, 2013-2015-ci illərdə "Azəryolservis” ASC-nin "81 saylı Yol İstismarı” MMC-nin rəisi, 2015-2017-ci illərdə "Azəravtoyol” ASC-nin "Bakı 2 №-li Yol İstismarı” MMC-nin direktoru vəzifələrində çalışıb. Yeni Azərbaycan Partiyasının üzvüdür.
Cənab Əliyev Çexiyada şirkətini hələ "Bakı Yol Tikinti-1” ATSC-nin direktoru olarkən, yəni 2008-ci ilin yanvarın 18-də açıb. İlkin nizamnamə kapitalı 200 min kron olan AZ SERVIS – NR s.r.o. (MMC) şirkətinin qeydiyyat sənədində təsisçinin 27 iyun 1963-cü il təvəllüdlü, Bakı şəhəri, Ə.Kürçaylı 7/45 ünvanında pasport qeydiyyatında olan Ziyəddin Əliyev olduğu qeyd olunub. Şirkətin adında NR sonluğu Ziyəddin Əliyevin oğlanlarının adlarının baş hərfləridir.
Şirkət Çexiyanın Brno ədliyyəsindən 28267184 saylı qeydiyyat şəhadətnaməsi alıb. İlk qeydiyyat ünvanı Brno, Nezamyslova 2799/28, PSČ 61500 olub. Hazırda icra başçısına məxsus şirkətin ofisi Brno şəhəri, Příkop küçəsi 4 ünvanındakı Internationale Business Center-də yerləşir. Fəaliyyət sahəsi: istehsal, xidmət, ticarət.
Ziyəddin Əliyev ilk əvvəl, yəni 2008-2009-cu illərdə şirkətin idarəçiliyini tanışı, 1969-cu il təvəllüdlü IRINA MICHAJLIKOVÁ həvalə edib. Lakin 2009-cu ildə aralarındakı narazılıqdan dolayı Ziyəddin Əliyev onu şirkətdən uzaqlaşdırır.
2017-ci ilə qədər şirkəti özü idarə edən Ziyəddin Əliyev həmin il oktyabrın 16-da, yəni Quba rayon icra hakimiyyətinin başçısı vəzifəsinə təyinat almasından ay yarım əvvəl onu o zaman Azərbaycan Dövlət İqtisad Universitetinin magistrantı olan 26 yaşlı oğlu Nicat Əlibəylinin idarəçiliyinə verir. Görünür Ziyəddin Əliyev artıq yeni vəzifə üçün sənədlərini təqdim etmişdi və prezidentin sərəncamını gözləyirdi.
2017-ci ilə aid illik maliyyə hesabatına görə icra başçısına aid bu şirkətin aktivləri 15 milyon kron, yəni yarım milyon dollar civarındadır. Qetd edim ki, Ziyəddin Əliyev bu şirkət üzərindən Brnoda avtosalon və servis mərkəzi açıb.
Amma Ziyəddin Əliyev Avropada biznesini Çexiya ilə məhdudlaşdırmayıb. Belə ki, 22 iyul 2017-ci il tarixdə cənab Əliyev Avstriyanın paytaxtı Vyanda daha bir şirkət qeydiyyatdan keçirib. S.M.A.N Business Solutions GmbH Vyana ədliyyəsində 30 min avro nizamnamə kapitalı ilə FN 457017 i saylı lisenziya alıb. Şirkət Kaiser-Ebersdorfer Straße 81/1 Wien ünvanında qeydiyyatdadır. Nizamnamə üzrə fəaliyyət dairəsi daşınmaz əmlak, tikinti, ticarət sahələrini əhatə edir.
Şirkətin hissələrinin 51 faizi Ziyəddin Əliyevin Çexiyada sahibi olduğu AZ SERVIS – NR s.r.o. şirkətinə, 49 faizi isə Sübhan Məmmədli adlı şəxsə məxsusdur. S.M.A.N Business Solutions GmbH-ni AzPROMO-nun Avstriyadakı nümayəndəsi, Qarabağ Vyana klubunun meneceri Ramin Şükürov idarə edir.