Prezident İlham Əliyev Avropa Komissiyasının nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 19-da Avropa Komissiyasının Hərəkətlilik və Nəqliyyat üzrə (MOVE) Baş Direktorluğunun rəhbəri Henrik Hololeyin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AzBaku.org AZƏRTAC-a istinadla xəbər verir ki, Henrik Hololey dövlətimizin başçısını ötən prezident seçkilərində qələbəsi münasibətilə təbrik etdi, bunu xalqın ölkədə sabitliyə və inkişafa göstərdiyi etimad kimi dəyərləndirdi. Avropa Komissiyasının Hərəkətlilik və Nəqliyyat üzrə Baş Direktorluğunun rəhbəri Henrik Hololey bu səfəri zamanı Azərbaycanın bölgələrində olduğunu və gördüyü inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını qeyd etdi, ölkəmizin turizm və digər sahələrdə böyük potensiala malik olduğunu vurğuladı. Qonaq, eyni zamanda, Bakıda səmərəli görüşlər keçirdiklərini bildirərək, Heydər Əliyev beynəlxalq aeroportunun və Azərbaycanda mülki aviasiya sisteminin texniki təchizatının yüksək səviyyədə olduğunu qeyd etdi.

Prezident İlham Əliyev Azərbaycanda infrastrukturun yaradılması istiqamətində çox böyük layihələrin reallaşdığını vurğulayaraq, altı beynəlxalq hava limanının, beynəlxalq standartlara cavab verən avtomagistral yollarının, Ələtdə Bakı Beynəlxalq Dəniz Ticarət Limanının inşası və digər işlərin həyata keçirilməsi nəticəsində ölkəmizin mühüm beynəlxalq nəqliyyat qovşağına çevrildiyini bildirdi. Dövlətimizin başçısı Azərbaycanın Şimal-Cənub, Şərq-Qərb, Şimal-Qərb istiqamətlərində nəqliyyat daşımaları sahəsində mühüm rol oynayacağını qeyd edərək, perspektivlər nəzərə alınmaqla bu sahədə artıq konkret işlərin görüldüyünü dedi.

Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin uğurla inkişaf etdiyi vurğulandı, ölkəmizdə müasir nəqliyyat infrastrukturunun yaradılmasının önəmi qeyd olundu, nəqliyyat sahəsində əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.