“Azəravtoyol” ASC nin sədri Saleh Məmmədovun göstərişidir, bütün şamaxılılar işdən azad edilsinlər”

Ölkə başçısına redaksiyamız vasitəsilə müraciət edən Şamaxı rayon sakinləri Muradov Durasan Babaqulu oğlu və Cənnətov Rəşad İbrahim oğlu 7 saylı Yol İstismarı MMC-nin direktoru Əlikram Cavadovla bağlı olduqca ilginc məlumatlar verdilər. Hər iki şikayətçi videomüsahibələrində 7 saylı Yİ MMC-nin direktorunu dövlət mülkiyyətini talamaqda, vəzifə saxtakarlığında olduqca ciddi şəkildə ittiham edirlər. Müsahibədə qeyd edilir ki, Əlikram Cavadovun 7 saylı Yol istismarı MMC-yə rəhbər təyinatından qısa müddət sonra o 50 nəfər, əslən Şamaxı rayonundan olan işçini bir gündə, müxtəlif bəhanələrlə işdən azad edib. Əvəzində isə müdirin yaxın qohumları onların yerinə təyinat alıb. Qanunla qadağan olunsa belə, hətta MMC-nin baş mühasibi də, Cavadovun yaxın qohumudur.

Xatırladaq ki, ölkə Prezidenti cənab İlham Əliyev məhz Şamaxıda olarkən qeyd etdi ki, dövlət, problemi olan hər bir vətəndaşının yanındadır. Bəs bunun müqabilində Əlikram Cavadov nə deyir? Şikayətçilərdən biri - Durasan Muradov bildirdi ki:
- Biz Əlikram Cavadovdan işdən azad olunmağımızın səbəbini soruşduqda o bildirdi ki, mən “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədovun göstərişini yerinə yetirirəm. O, mənə göstəriş verib ki, MMC-də çalışan bütün şamaxılıları işdən azad edim. Görəsən biz şamaxılıların günahı nədir ki, “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov bizə qarşı bu mövqedədir? Biz Saleh Məmmədovun, onun müşaviri Füzuli Musayevin və Əvəz Qocayevin rayonumuza qarşı nifrətinin səbəbini başa düşə bilmirik. Təqaüd yaşı çoxdan çatmış 70 yaşlı Əlikram Cavadovun oğlu Ədliyyə nazirliyndə, qardaşı oğlu isə Şamaxı rayon polis şöbəsində çalışırlar. Onun qərarına etiraz edənləri Əlikram Cavadov həbslə hədələyir. Hətta Şamaxı rayon İHB Tahir Məmmədovlada məhz bu məsələ ilə əlaqədar görüşmüşəm. Onu da qeyd edim ki, İHB Tahir Məmmədovda bu məsələnin həllində acizdir.
Biz redaksiyanız vasitəsilə cənab Prezidentə müraciət edirik. Əlikram Cavadovun göstərişi ilə mənim həmkarlarımdan yenidən işə bərpa olunacaqları bəhanəsilə MMC-nin baş mühəndisi tərəfindən rüşvət belə alınıb. Lakin yenə də problem öz həllini tapmayıb.
Siz hər bir Azərbaycanlının yanında olan Prezidentsiniz, cənab İlham Əliyev. Xahiş edirik bizə - Əlikaram Cavadovun qənim kəsildiyi şamaxılılara kömək edin. “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədovun bir bölgəyə nifrətinin səbəbini araşdırmaq üçün müfaviq qurumlara göstəriş verin.

Redaksiya müraciətdə adı çəkilən qurum və ya şəxslərin də cavab haqlarını tanıyır, dərc etməyə hazırdır.