Qaza qoyulan limit ləğv edilir? - MİLLİ MƏCLİSDƏ MÜZAKİRƏ

Millət vəkili Fazil Mustafa Milli Məclisin bu gün keçirilən iclasında qaza qoyulan limit məsələsini gündəmə gətirib.


Lent.az xəbər verir ki, millət vəkili iclasdakı çıxışı ilə bağlı sosial şəbəkədə paylaşım edib və bildirib ki, bu məsələyə əhalinin müxtəlif təbəqələrindən aldığı şikayətlərə əsasən reaksiya verib: “Əhalinin istehlak etdiyi qaza qoyulan limitə yenidən baxılmasının vacibliyini vurğuladım. Burada limitin 1700 kubmetrdən 2 dəfə qaldırılaraq 3.400 kubmetr olması yoxsul əhalinin problemlərini nisbətən azaltmağa imkan verər. Tamamilə ləğv olunması tələbləri də var, ancaq mən real variant üzərində dayanıram. Hamının imkanları eyni olmadığı üçün biz birinci növbədə ödəniş qabiliyyəti olmayan yoxsul və orta təbəqənin maraqlarını nəzərə almalıyıq. Havanın temperaturu elədir ki, aprel ayında belə vətəndaşlar qış rejimi ilə qazı istehlak edirlər. Ancaq o qədər ödəniş tələb olunur ki, bir çox hallarda qazdan istifadədən imtina edirlər. Qaz Azərbaycan xalqının sərvətidirsə, ilk öncə bu sərvətin faydasını da vətəndaşlarımız görməlidir”-deyə millət vəkili vurğulayıb.