Ramiz Hüseynov: Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı xalqın sosial sifarişi idi

Sovet hakimiyyətinin son illərində Azərbaycanda hakimiyyətdə boşluqlar yarandı. O zaman küçələrə axan insan seli xalqın azadlıq eşqini ifadə edirdi.

Sonralar 20 Yanvar şəhidlərinin qanı bahasına Azərbaycan müstəqilliyini bərpa etdi. Lakin müstəqillik pərdəsi arxasında gedən çirkin siyasi oyunlar, hakimiyyət davası, daxili didişmələr, cəmiyyətdə yaranan xaos dövlətçiliyimizi təhlükə altına almışdı. Ermənistanın hərbi təcavüzü isə respublikada vəziyyəti daha da gərginləşdirirdi. Belə son dərəcə mürəkkəb və ziddiyyətli tarixi məqamda insanlarda ümumi bir fikir formalaşmışdı: xalqı bu bəlalardan yalnız Heydər Əliyev qurtara bilər. Xalq Heydər Əliyevin hakimiyyətə qayıdışını təkidlə tələb etdi və bu, artıq xalqın sosial sifarişi idi.

Bu fikirləri AZƏRTAC-ın müxbiri ilə söhbətində Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov bildirib.

O qeyd edib ki, ölkənin ən ağır dövründə hakimiyyətə gələn Ulu Öndər ilk gündən insanların qəlbinə bir inam və rahatlıq toxumu səpdi. Qardaş qırğınına yol verilmədi, sosial-iqtisadi tənəzzül inkişaf prosesi ilə əvəzləndi. Azərbaycanın beynəlxalq müstəvidə də nüfuzu artdı, mövqeləri gücləndi. Beləcə, Azərbaycanın ən yeni tarixinin şanlı səhifələri yazılmağa başladı. Beləliklə də, ümummilli lider Heydər Əliyev ikinci dəfə Bakıya qayıdaraq Azərbaycan parlamentinin sədri seçildiyi gün – 1993-cü ilin 15 iyunu tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu.

“Azərbaycanın bugünkü uğurları qurtuluş məfkurəsi ilə əlaqədardır. Ölkəmizin qazandığı bütün nailiyyətlərin əsasında Ulu Öndərin müəyyənləşdirdiyi siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi dayanır”, - deyə R.Hüseynov bildirib.