"Yaşıllıqların mühafizəsi haqqında Azərbaycan Respublikasının Qanun"u
Azərbaycan Respublikası Konstitusiyasının 39-cu, 78-ci maddələrinə və 94-cü maddəsinin I hissəsinin 11-ci bəndinə uyğun olaraq, ölkədə yaşıllıqların mühafizəsi ilə əlaqədar münasibətləri tənzimləyir, bu sahədə dövlətin, bələdiyyələrin, fiziki və hüquqi şəxslərin hüquq və vəzifələrini müəyyən edir. Lakin son aylar Qanunun bu tələbləri məhz aidiyyatı dövlət qurumları tərəfindən kobud surətdə ya pozulur, ya da pozanların əməllərinə göz yumulur. "Göz yumma əməliyyatı"na əsasən bu məsələdə məhz dövlət siyasətini müəyyən edən Ekologiya və Təbii Sərvətlər nazirliyi tərəfindən yol verilir. Xatırladaq ki, BakuNews.az informasiya portalı olaraq dəfələrlə bu məsələ haqqında faktlarla təsdiq edilmiş araşdırmalar dərc etsək də, ETSN hələ ki, prosesdə müşahidəçi obrazında qalmağa üstünlük verir. Halbuki "Yaşıllıqların mühafizəsi haqqında Azərbaycan Respublikasının Qanun"unun 5-ci maddəsində - "Yaşıllıqların mühafizəsinin əsas prinsipləri" bölməsində, 5.0.5. bəndində "yaşıllıqların mühafizəsi sahəsində dövlət nəzarəti və ictimai nəzarət", eyni zamanda 5.0.6.-da isə "qanunun pozulmasına görə məsuliyyət" müəyyən edilib. Lakin zaman-zaman nəinki təqdim etdiyimiz video və foto faktlar, hətta yuxarıda qeyd etdiyimiz kimi qanunlar belə ETSN-ni və bəzi rayon icra hakimiyyəti rəhbərlərini qətiyyən narahat etmir. Oxucuların nəzərinə çatdıraq ki, Xətai rayonu Cavanşır küçəsi ev 27A və 27 nömrəli binaların arxasındakı magistral yolun kənarındakı səkiyə birləşik yaşıllıqlar artıq bir müddətdir ki, Rəis adlı işbaz tərəfindən məhv edilir. Bu həmin Rəisdir ki, törətdiyi qanunsuz əməllərinə göz yummaları üçün əvvəlcə etiraz edənlərə müxtəlif məbləğdə pul təklif etmişdi. Daha sonra isə planı baş tutmadıqda Rəis "diqqətini" ETSN və Xətai rayon icra hakimiyyətinin nümayəndələrinə tərəf yönəltdi. Məlumatı verən mənbənin sözlərinə görə hətta özlərinin operativliyi ilə həmişə fəxr edən "Xəzər" və "Lider" telekanallarının çəkilişlərini belə əngəlləmək gücündə olan Rəis qanunun bütün tələblərini pozmaqda davam edir. Bir neçə gün öncə Rəisin tikinti apardığı ərazinin əvvəlki və sonrakı video, foto görüntülərini təqdim etmişdik. Video və fotolardan aydın görünür ki, təxminən bir ay əvvələ qədər ərazidə onlarla yaşıl meyvə ağacları olub. Lakin Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədovun qanunsuz icazəsi nəticəsində indi həmin ərazidə Rəisə məxsus avtomobil təmiri sexləri inşa olunur.
"Ağac kəsilməsini kənardan izləyən şəxs obyektin sahibi və ETSN ilə Xətai RİH-in sevimlisi Rəidir"
Məsələnin ən qəribə tərəfi isə ETSN ağacların kəsilib götürülməsinə və ya yerinin dəyişdirilməsinə rəy verib. ETS naziri cənab Muxtar Babayevə sual veririk: Cənab nazir, görəsən Rəis adlı işbazın avtomobil sexləri inşası üçün ağacların kəsilməsinə icazə vermək qanunun hansı tələblərinə uyğundur? Və ya nəyə görə Rəisin kommersiya məqsədli obyektinin tikintisi üçün ağaclar köçürülməli idi. Axı qanunun 13-cü maddəsində - "Yaşıllıqların götürülməsi" bölməsinin 13.1.1. bəndində deyilir ki, "dövlət ehtiyacları üçün yaşıllıq altına düşən torpaqlar geri alındıqda", 13.2.-ci bəndində isə "Bu Qanunun 13.1-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, yaşıllıqların götürülməsi qadağandır." - deyilir. Bəs elə isə bir işbazın avtomobil sexləri inşa etməsi nə vaxtdan dövlət ehtiyacı hesab edilir? Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 24-cü maddəsində -"Yaşıllıqların mühafizəsi haqqında qanunvericiliyin
pozulmasına görə məsuliyyət" nəzərdə tutulub. Bundan başqa Qanunun tələblərinin pozulmasına görə şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar. Hələ illər öncə Azərbaycanda meşə və digər yaşıllıqların məhv edilməsi ilə əlaqədar Milli Məclisin qəbul etdiyi yeni cəza sanksiyaları prezident tərəfndən təsdiqlənib. İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə əsasən meşə sahələrində və meşə fonduna daxil olmayan sahələrdə ağacların, kolların və digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi), zədələnməsi və ya məhv edilməsi ilə bağlı müxtəlif hallar üzrə 5 min manatdan, 41 min manata qədər cərimələr müəyyən edilib. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsində - "Qanunsuz ağac kəsmə" bölməsində, 259.1.- bəndində deyilir: ...ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda - beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
"Rəis adlı işbaz tərəfindən qətliamını gözləyən, inşa edilən obyektin qarşısındakı ağaclar"
259.2. Eyni əməllər:
259.2.1. təkrar törədildikdə;
259.2.3. şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə;
259.2.4. külli miqdarda ziyan vurmaqla törədildikdə - yeddi min manatdan doqquz min manatadək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
59.3. Bu Məcəllənin 259.1-ci və ya 259.2-ci maddəsində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə - doqquz min manatdan on bir min manatadək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
"Rəisin "Nargilə" çayxanasının arxasındakı avtomobil təmiri sexləri"
Göründüyü kimi ölkədə bu istiqamətdə qərarlar və Qanunlar qəbul edilib. Bəs elə isə Rəis kimi işbazların görəsən nəyi bəzi dövlət qurumlarının ayrı-ayrı səlahiyyətliləri üçün maraq kəsb edir? Axı paytaxt Bakıdakı yaşıllıqlar həm də Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqına vəsiyyətidir. O da qeyd edək ki, hələ 15-ə yaxın ağac Rəisin qətliamını gözləyir. Çünki bu gün Rəisin inşa etdirdiyi avtomobil sexlərinə həmin ağaclar kəsilmədiyi təqdirdə giriş mümükünsüzdür. BakuNews.az həmin foto görüntünü də təkrar təqdim edir. Görəsən bu görüntünün adı çəkilən dövlət qurumlarında məsuliyyət yaratmağa köməyi olacaqmı? Əgər bəzi dövlət qurumları, o cümlədən Xətai RİH və ETSN Ulu Öndərin bir yaşıllıqla bağlı vəsiyyətnə bu qədər laqeyidlik nümayiş etdirirlərsə, görəsən Azərbaycan dövlətinin gələcək taleyi necə olacaq?
Mövzuya qayıdacağıq.
Yazıda adı çəkilən müəssisə və şəxslərində mövqelərini dərc edə bilərik.