Azərbaycanda daha bir yararsız ət qalmaqalı gündəmə gəldi.
Lent.az xəbər verdiyi kimi, iyunun 16-da Daxili İşlər Nazirliyi (DİN) əməkdaşlarının və Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələrinin iştirakı ilə Ağdam rayonu Maqsudlu kənd sakini Yavər Azadovun idarə etdiyi “QAZ-2410” markalı avtomobilə baxış zamanı mənşəyi məlum olmayan, natəmiz vəziyyətdə və istifadəyə yararsız 120 kiloqram çəkidə mal əti aşkar edilib.
Ümumiyyətlə, bu cür xəbərlərlə biz tez-tez qarşılaşırıq. Belə ki, istər paytaxtda, istərsə də digər şəhər və rayon sakinlərindən, obyektlərindən yararsız ətlər aşkar olunur. Bu cür faktlar rəsmi orqanların aşkar edib üzə çıxardığı hallardı. Təbii ki, nəzərdən qaçan nə qədər hallar da olur. Bəs bunun qarşısını birdəfəlik almaq mümkündürmü? Bunun üçün hansı addımlar atılmalıdır?
Mövzu ilə bağlı Lent.az -a danışan Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib ki, təmsil etdiyi qurum 20 ildir ki, bu cür halların qarşısını almaq üçün işlər gördüyünü deyir:
“Lakin bu işdə mütləq Azad İstehlakçılar Birliyinə kömək edən amillər olmalıdır. İllər boyu biz görürük ki, Kənd Təsərrüfatı Nazirliyi, Baytarlıq İdarəsi murdar leş əti aşkarladıqda cərimə edərək buraxır. Yararsız ətlərlə bağlı ən uğurlu işi isə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi gördü ki, bununla bağlı cinayət işi qaldırıldı və yararsız ətlər laboratoriyalara göndərilərək araşdırıldı. Buna görə də düşünürəm ki, bu məsələlər DİN-ə verilməlidir”.
AİB sədri qeyd edib ki, bu ətlərin sifarişçisini heç kəs axtarmır:
“Bu kimi halların qarşısını almaq üçün ilk olaraq sifarişçi tapılmalıdır, çünki bazar tələb təkliflə müəyyənləşir. Tələb edən şəxs isə ifşa olunmalıdır. Sovet dövründə kim murdar ət satırdısa, onun 7-ci nəslinin də başına vurardılar ki, sənin baban murdar, eşşək və ya at əti satıb”.
E.Hüseynov əlavə edib ki, yararsız ətlərlə bağlı bələdiyyələr, yerli icra hakimiyyətləri, sahə müvəkkilləri də birləşərək fəal iş aparmalıdırlar:
“Hazırda dövlətin biznes qrupları üçün yaratdığı kifayət qədər rahat şəraitdən sui-istifadə edilir. Hətta bu ətlər uşaq bağçalarına, ən prestijli restoranlara qədər belə gedib çıxa bilir.
Təəssüflər olsun ki, şəhərin mərkəzində belə camış ətinin mal əti adı altında satılmasının şahidi oluruq. Əhalinin bu işə nəzarət edən qurumlara inamının azalmasına görə isə paytaxt qəssabxanaya çevrilib və çevrilməkdə davam edir”.
Dövlət Baytarlıq Xidmətinin mətbuat katibi Yolçu Xanvəli isə Lent.az -a açıqlamasında bildirib ki, istifadəyə yararsız ətlərlə bağlı Cinayət Məcəlləsində bir maddə açılmalıdır:
“Burada insan həyatı üçün yararsız məhsulun emalı, tədarükü, satışı ilə məşğul olanlar barəsində ciddi tədbirlər görülməsi öz əksini tapmalıdır. Hazırda ancaq cərimə, araşdırma işləri aparılır. Buna görə də insanlar şəxsi mənafeləri üçün başqalarını zəhərləməkdən əl çəkmirlər”.