Faktla bağlı araşdırmalara başlanılıb
Türkiyənin Dənizli vilayətində minik avtomobilinin suvarma kanalına düşməsi nəticəsində 2 nəfər boğularaq ölüb. Avtosfer.az yerli mətbuata istinadən məlumat verir ki, insident Pamukkale rayonunun Akhan məhəlləsi Barlan istiqamətindən keçən hissəsində qeydə alınıb.
Məlumata görə, səhər saatlarında qoyunları otaran çoban suvarma kanalının içərisində bir avtomobilin olduğunu görüb polisə xəbər verib.
Hadisə yerinə gələn polis və xilasetmə briqadasının əməkdaşları suyun içində yanakı vəziyyətdə olan 20 R 0667 dövlət qeydiyyat nişanlı avtomobili kran vasitəsi ilə kanalından çıxarıblar.
Baxış zamanı nəqliyyat vasitəsindən 2 nəfərin meyiti, spirtli içki butulkaları və əyləncə üçün əşyalar aşkarlanıb.
Polisin bildirdiyinə görə, hadisə ötən gün gecə saatlarında baş verib və ehtimal olunur ki, avtomobilin içərisindəkilər piknikdən qayıdan zaman qəza törədərək kanala düşüblər.
Faktla bağlı araşdırmalara başlanılıb.