Zakir Qaralov yüksək fəxri mükafatla təltif edildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstəriş və tövsiyələrinə uyğun olaraq, Azərbaycan Respublikasının prokurorluq orqanları bir sıra nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığı uğurla davam etdirir. Azərbaycanın prokurorluq orqanları dünya prokurorlarının ilk və yeganə qlobal təşkilatı olan və 172-dən çox dövlətin prokurorluq orqanlarının üzvü olduğu Beynəlxalq Prokurorlar Assosiasiyası (BPA) ilə səmərəli qarşılıqlı əməkdaşlığı davam etdirir və bu qurumun fəaliyyətinə öz töhfəsini verir.


Baş Prokurorluğun mətbuat xidmətindən e-huquq.az-a verilən xəbərə görə, Assosiasiya tərəfindən dövri olaraq təşkil edilən beynəlxalq səviyyəli mötəbər tədbirlərin davamı kimi, sentyabrın 14-dən 18-dək Argentina Respublikasının paytaxtı Buenos-Ayresdə BPA-nın İcraiyyə Komitəsinin növbəti iclası, 24-cü İllik Konfransı və Ümumi Yığıncağı keçirilib. “Müxtəlif hüquq sistemləri üzrə beynəlxalq əməkdaşlıq” mövzusunda keçirilmiş konfransda 100 ölkəni təmsil edən 500-dən artıq iştirakçı - müxtəlif dövlətlərin prokurorluq, məhkəmə, ədliyyə və digər hüquq-mühafizə orqanlarının, habelə beynəlxalq təşkilatların yüksək vəzifəli nümayəndələri iştirak ediblər.

Yüksək səviyyəli tədbirdə ölkəmizi Azərbaycan Respublikası Baş prokurorunun müavini – Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi, Assosiasiyanın vitse-prezidenti Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

BPA İcraiyyə Komitəsinin sentyabrın 14-də keçirilmiş növbəti iclasında bir sıra təşkilati xarakterli məsələlər müzakirə edilib. Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən iclasda Komitə üzvləri tərəfindən cari il mayın 15-17-də Bakıda BPA-nın və Azərbaycan Respublikası Prokurorluğunun birgə təşkilatçılığı ilə “Ədalət mühakimə sistemində insan haqları ilə bağlı qarşıda duran məsələlər” mövzusunda keçirilmiş beynəlxalq seminar istər prokurorluq orqanları əməkdaşlarının, istərsə də hakimlərin peşəkarlığının artırılması və effektivliyin təmin edilməsi baxımından faydalı tədbir kimi vurğulanıb. Tədbirin ölkəmizdə yüksək səviyyədə təşkilindən məmnunluq ifadə edilib.

Assosiasiyanın Senatının iclasında iştirakçılara Azərbaycan Respublikasının Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri, BPA-nın senatoru və fəxri üzvü Fikrət Məmmədovun dərin salamlarını çatdıran K.Əliyev qurumun təşkilati məsələləri və inkişaf perspektivləri ilə bağlı müzakirələrdə fəal iştirak edib.

Sentyabrın 15-də Assosiasiyanın 24-cü İllik Konfransının və Ümumi Yığıncağının açılış mərasimində Argentinanın Buenos-Ayres Muxtar Şəhər Baş Nazirinin müavini Dieqo Santilli, Şəhər Prokurorluğunun Baş prokuroru Luis Çevasko və BPA-nın prezidenti Gerhard Yaroş çıxış ediblər.

Tədbirdə Azərbaycanın nümayəndə heyəti fəal və səmərəli iştirak edib.

Silsilə tədbirlərin davamı olaraq, sentyabrın 17-də Kamran Əliyevin həmsədrliyi ilə BPA-nın Anti-Korrupsiya Prokurorları Şəbəkəsinin (NACP) xüsusi maraq qrupunun növbəti sessiyası keçirilib. “Korrupsiya hüquqpozmalarına qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlıq” mövzusunda keçirilmiş tədbirdə beynəlxalq ekspertlər qismində ABŞ, Sinqapur, Honq-Konq, Argentina və Keniya prokurorluq orqanlarının rəhbər vəzifəli şəxsləri və digər nümayəndələri iştirak ediblər.

Həmin tədbirdə çıxış edən nümayəndə heyətinin rəhbəri Kamran Əliyev Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizə fəaliyyətinin dövlətimizin başçısı İlham Əliyevin qətiyyətli siyasi iradəsinə söykəndiyini qeyd edib, həyata keçirilmiş mütərəqqi hüquqi və institusional tədbirlər barədə ətraflı məlumat verilib. Çıxışda ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatlarının keyfiyyətcə yeni mərhələyə keçidini nəzərdə tutan 2019-cu il 3 aprel tarixli “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmandan irəli gələn vəzifələr və həyata keçirilən tədbirlər qeyd edil. Həmçinin ölkəmizin anti-korrupsiya strategiyasında beynəlxalq əməkdaşlığa xüsusi diqqət yetirildiyi vurğulanıb. Nümayəndə heyətinin rəhbəri çıxışında, həmçinin beynəlxalq qurumların korrupsiya qarşı mübarizə sahəsində qabaqcıl nailiyyətlərinin öyrənilməsi, bunun cari fəaliyyətdə qarşıya çıxan çətinliklərin həllində və fəaliyyətin təkmilləşdirilməsində səmərəli tətbiqi məsələlərinə də geniş yer verib.

Bundan başqa, həmin tədbirlər çərçivəsində sentyabrın 17-də ölkələrimiz arasında müsbət təcrübə mübadiləsi və əməkdaşlığın dərinləşdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb etməsi nəzərə alınaraq, Argentina Respublikasının Buenos-Ayres Muxtar Vilayətinin prokurorluğu ilə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi arasında korrupsiyanın qarşısının alınması və ona qarşı mübarizədə əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Sentyabrın 18-də BPA-nın Baş iclası keçirilib. İclasda qurumun İcraiyyə Komitəsinin təklifi ilə Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasında, qanunun aliliyinin təmin edilməsində, BPA-nın inkişafına verdiyi müstəsna xidmətlər, qurumla Azərbaycan prokurorluğu arasında işgüzar münasibətlərin yaradılmasında göstərdiyi fəaliyyəti nəzərə alınmaqla Beynəlxalq Prokurorlar Assosiasiyasının yüksək mükafatı ilə təltif edilib - qurumun fəxri üzvü seçilib.

Həmin mükafatın rəsmi təqdimetmə mərasimdə çıxış edən Assosiasiyanın vitse-prezidenti Kamran Əliyev ölkəmizin BPA ilə daim uğurlu əməkdaşlıq etdiyini bildirərək, Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralovun qurulmuş çoxillik əməkdaşlıq münasibətlərinə xüsusi önəm verdiyini bir daha xatırladaraq, mükafata görə Azərbaycan Respublikasının hökuməti və Baş prokuroru adından minnətdarlığını ifadə edib.

Tədbirdə bir sıra mövzulara baxılması ilə yanaşı, 2013-cü ildən etibarən BPA-nın prezidenti vəzifəsində olan Qerxard Yaroş səlahiyyət müddətinin başa çatması ilə bağlı Assosiasiyada tutduğu hazırki vəzifəsindən azad olunub. Koreya Respublikasının Busan şəhərinin prokuroru Vanq Çeol-kyu səsvermə nəticəsində yekdilliklə həmin vəzifəyə seçilib.

Tədbirin yekununda BPA-nın növbəti İllik Konfransının 2020-ci ilin sentyabrında Yunanıstanın paytaxtı Afinada keçirilməsi qərara alınıb.

Tədbir çərçivəsində ölkəmizin nümayəndə heyətinin üzvləri BPA-nın yeni seçilmiş prezidenti Vanq Çeol-kyu və qurumun digər rəsmiləri ilə, o cümlədən Estoniya, Yunanistan, Keniya və Qazaxıstanın Baş prokurorları, eləcə də Türkiyə, Kanada, Çin, Rusiya, Böyük Britaniya, ABŞ, Ukrayna, Koreya Respublikası və digər ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə görüşlər keçirərək, cinayətkarlığa qarşı mübarizənin müxtəlif aspektləri üzrə ikitərəfli əməkdaşlığın perspektivlərinə dair müzakirələr aparıblar.

Azərbaycan Respublikasının Argentina Respublikasındakı səfiri Rəşad Aslanov tədbirlərdə iştirak edib.