Azərbaycanın simvolik olaraq “ikinci paytaxtı” adlandırılan Gəncədə səhiyyənin qanqrena verdiyini elə şəhərdən hər gün Gürcüstana axın edən xəstələrin timsalında təsəvvür etmək mümkündür.
Yadınızdadırsa, Tiflisin “New Hospitals” klinikasının direktoru Nika Okriaşvili Azərbaycan səhiyyəsini ələ salmışdı. Demişdi ki, təkcə Gəncədən taksi şoferləri ona 8 min xəstə gətirir:
“Taksi sürücüləri artıq o qədər xəstə gətiriblər ki, peşəkar olublar, tibbi terminologiya ilə danışa bilirlər.
Azərbaycanlıların pulu çoxdur, böyük xəstəxanalar tikiblər, amma hamısı müalicəyə Tbilisi şəhərinə gəlir”.
Reportyor.info xəbər verir ki, bu utanverici vəziyyətin əmələ gəlməsində Gəncə şəhər Səhiyyə İdarəsinin günahı az deyil.
İdarənin zaman-zaman rəhbəri olmuş rəislər Gəncə səhiyyəsinin düşdüyü “koma” vəziyyətindən çıxarmaq üçün heç nə etməyiblər.
Yeni idarə rəis Nazim Əhmədov da onlardan fərqlənmir. N.Əhmədovun fəaliyyəti dövründə Gəncə səhiyyəsi yerində sayıb, “reanimasiya” şəraitindən çıxarılmayıb.
Bu kadr əslində, gəncəlilərə tanışdır. Onun bioqrafiyasında o qədər qalmaqallar var ki…
Amma nədənsə, Gəncə şəhərinin yeni hakimi Niyazi Bayramov onu Səhiyyə İdarəsi rəisi postunda gördü. Yeri gəlmişkən, səhiyyə idarəsi Səhiyyə Nazirliyinə deyil, yerli İcra Hakimiyyəti strukturuna tabedir.
Odur ki, 2014-cü ildən bəri dəfələrləşiddətli töhmət almış, Gəncə Abbas Səhhət adına xəstəxananın baş həkimi olarkən icra intizamını pozan, hərbi xidmətə yararsız və bəzən yararlı şəxslərin tibbi müayinəsinin nəticə (epikriz) sənədlərini saxtalaşdıran biri kimi yadda qalan Nazim Əhmədov indi də şəhərin Səhiyyə İdarəsinin rəisi postunda “qaz vurub, qazan doldurur”.
Bu gün isə Gəncə səhiyyəsində heç bir irəliləyiş müşahidə olunmur. O baxımdan N.Əhmədovun fəaliyyəti dolayısı ilə Gəncədən yüzlərlə xəstənin Tiflis klinikalarına daşınmasına səbəb olur.
Sabiq səhiyyə rəisləri – Mehman Rzayev və Əlikram Məmmədov tərəfindən baş həkim olarkən inzibati tənbehlərə məruz qalmış, belə bir reputasiyaya malik Nazim Əhmədovun nə üçün yüksək vəzifəyə gətirilməsi qəribədir.
Bu təyinat icra başçısı Niyazi Bayramovunşəxsi arzularına uyğun olub. Onun qardaşı Natiq Əhmədov isə eyni gündə Gəncə “Sukanal” TSC-də sədr vəzifəsinə təyin olunub. İH başçısı ilə Əhmədovların yaxın münasibəti onlar üçün karyera tramplini olub.
Məsələ isə təyinatı uğurlu olub-olmaması deyil, Gəncə səhiyyəsinin düşdüyü acınacaqlı vəziyyətdən çıxmamasıdır. Sanki idarə rəisi Tiflisə gedənlərin çoxalmasına səbəb olur.
Halbuki, Gəncədə səhiyyənin keyfiyyəti qaneedici olsaydı, vətəndaşlar qonşu ölkənin paytaxtına üz tutmazdılar. Əlbəttə, təkcə Gəncə yox, əksər regionlardan İran, Türkiyə, Gürcüstan xəstəxanalarına axın var.
N.Əhmədovun gəlişi isə Gəncə səhiyyə idarəsində hansısa pozitiv dəyişiklik yaratmayıb deyə bu şəhərdə narazılıq daha çoxdur.
Elə təxminən iki ay qabaq yayılmış videoda “Nazim Əhmədovun korrupsiyası” başlığı ilə bütün mənzərə öz əksini tapırdı.
Videodan sual yaranırdı – Gəncə Təcili Tibbi Yardım Xəstəxanasının təmirinədövlət büdcəsindən ayrılan külli miqdar vəsaitlər kimin cibinə gedib ki, xəstəxana mal fermasından fərqlənmir?
Gəncə Şəhər Səhiyyəsindədiabet dərmanları digər yerlərdən fərqli olaraq müsibətlə verilir. Şəkər xəstələri 2 saylı şəhər poliklinikasında xəstələr bir-birlərinə, hətta həkimlər xəstələrə, xəstələr həkimlərə nalayiq ifadələr işlədirlər.
Hər ay dərman paylananda belə xoşagəlməz hadisələr olur. Video-lentin birindən də aydın olur ki, Gəncə Şəhər 2 saylı poliklinikasında baş həkimi İsa adlı şəxsin dərman növbəsinə dayanan adamların əziyyətlə dərman almalarından xəbəri var.
Təkcə demək olmaz ki, şəhər 2 saylı poliklinkasında belə bir hadisə baş verib, digər xəstəxanalarda və poliklinkalarda belə arzuolunmaz hadisələr baş verir.