Tərtər rayonunda azyaşlı övladına işgəncə verdiyi deyilən qadın danışıb.
Baku TV xəbər verir ki, rayonun Azad Qaraqoyunlu kənd sakini, işgəncələrə məruz qaldığı iddia olunan azyaşlının anası Könül Dünyamalıyeva hazırda boşanmaq üzrə olduqları və uşağın atasının aliment ödəməməsi üçün şər-böhtan xarakterli məlumatlar yaydığını bildirir.
K.Dünyamalıyeva deyir ki, Laçın rayonundan olan məcburi köçkün Rafiq Dünyamalıyevlə 2010-ci ildə ailə qurublar. Bu izdivacdan biri oğlan, biri qız olmaqla, iki övladları var. Bir ildən çoxdur ki, ayrı yaşayırlar. Rəsmi ayrılmasalar da, beş yaşlı qızları ana ilə, doqquz yaşlı oğulları isə atası ilə yaşayır. Boşanmaq üçün Tərtər Rayon Məhkəməsinə müraciət ediblər:
“Yayılan xəbərlər isə tamamilə əsassız və uşağın atasının rəsmi olaraq boşandıqdan sonra aliment ödəməməsi üçün uydurmalarıdır”.
Azyaşlının anası K.Dünyamalıyevanın fikirlərinə aydınlıq gətirmək üçün qarşı tərəf olan, Bərdə rayonunun Soğanverdilər kəndində məskunlaşan, Laçın rayonundan olan məcburi köçkün, azyaşlı oğlanın atası R.Dünyamalıyevlə görüşdük. O bildirdi ki, uşaq xəstə olduğu üçün doqquz ay əvvəl müalicəsi üçün anasının yanına göndərib və hadisə də uşağın anasının yanında olduğu zaman baş verib.
R.Dünyamalıyevin sözlərinə görə, oğlu anasının yanına göndərildikdən bir neçə gün sonra zəng edərək, anasının onu döydüyünü, işgəncə verdiyini deyib. O deyir ki, uşağı görməyə getdiyi zaman görüb ki, ana şişi qaz sobasında qızdıraraq azyaşlının bud, çanaq, qol və əlinə basıb. Bu hadisədən sonra uşağı gətirərək, öz yanında saxlayıb. Daha sonra uşağın yaralarının ciddi olduğunu görüb, polisə məlumat verib.
Faktla bağlı Tərtər Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.