Ulan-Udedə ehtiyacı olanlara kömək edən azərbaycanlı ulduza çevrildi

Bütün dünyada yaşayan azərbaycanlıların öz həmvətənləri ilə fəxr etməsi üçün daha bir səbəb var. “Andrey Malaxov. Birbaşa efir” tok-şousunun son buraxılışından sonra Rusiyanın Ulan-Ude şəhərində meyvə dükanının sahibi olan Xalid Heydərovun xeyriyyəçilik fəaliyyəti barədə geniş ictimaiyyətə məlum oldu. Koronavirusa həsr olunan veriliş dünən yayımlanıb.

Pandemiya və karantin tədbirləri ilə əlaqədar dünyada yaranmış çətin vəziyyətdən bəhs edən aparıcı xeyirxahlığın və mərhəmətin ibrətamiz nümunəsini nümayiş etdirib, Ulan-Udedə bir sahibkarın ehtiyacı olan vətəndaşlara meyvə paylayaraq, necə kömək etdiyi barədə süjet təqdim edib.



Xalid Heydərov Rusiya televiziyasının müxbirlərinə bildirib ki, “Instagram”da gecə-gündüz xəstəxanalarda çalışan həkimlər haqqında videoları gördükdən sonra onda da kömək etmək fikri yaranıb, koronavirusla mübarizə üçün ümumi səylərə töhfə verməyə borclu olduğunu düşünüb.