Vazeh Əsgərov: Enerji və təhlükəsizlik mövzusunda keçirilən tədbirlər gənclərin maariflənməsində mühüm rol oynayır


Bu gün bizim üçün önəmli hadisələrdən biridir. Azərbaycan Respublikası Gənclər Fondu və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin dəstəyi, ASAP və Bahçeşehir Universitetinin təşkilatçılığı ilə keçirilən “Enerji və təhlükəsizlik sahəsində tərəfdaşlıq” forumu gənclərin bu mövzuda maarifləndirilməsi, Azərbaycan və Türkiyə gənclərinin əlaqələrinin inkişafı, regionda enerji təhlükəsizliyi və s. kimi mövzularda biliklərin əldə edilməsinə şərait yaratmaqdır. Əminəm ki, bu sahədə aparılan müzakirələr gənclərin maariflənməsində mühüm rol oynayacaq.
Bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru vəzifəsini icra edən Vazeh Əsgərov söyləyib.
V.Əsgərov bildirib ki, universitet olaraq bu forumda həmtəşkilatçı qismində, eləcə də tələbələrimizin forumun müxtəlif panellərində iştirak etməsi olduqca önəmlidir. Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili”nin elan edilməsi, həmçinin COP29-un ölkəmizdə keçirilməsi ilə əlaqədar universitetimizdə 2024-cü ildə “Tədbirlər planı” hazırlanıb və tədbirlər planına əsasən “Fəaliyyət Proqramı” təsdiq olunub.
“Sevindirici haldır ki, “Bərpa olunan enerji mənbələri” ixtisası üzrə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə İngiltərənin Vorvik Universiteti arasında magistratura təhsil pilləsində İkili Diplom Proqramına start verilib. Bu tədris ilində universitetimizdə yeni bir ixtisas üzrə də magistratura təhsili fəaliyyətə başlayacaq. Eyni zamanda, universitet olaraq müxtəlif dövlət qurumları ilə il ərzində əməkdaşlıq edərək müxtəlif beynəlxalq konfransların, simpoziumların keçirilməsində iştirak edir, tələbələrin belə konfranslarda iştirakına şərait yaradırıq”, - deyə Vazeh Əsgərov əlavə edib.