“Ətrafında koronavirusa yoluxma halı müşahidə edən insanlarda narahatlıq yüksək səviyyədədir”.
Azərbaycanda koronavirus infeksiyası ilə əlaqədar tətbiq edilmiş karantin rejimi mayın 4-nə qədər uzadılıb. Nazirlər Kabinetinin qərarına əsasən, mayın 4-ü karantin rejiminin ləğvi fonunda ilk iş və tədris günü kimi müəyyən olunub. Bununla belə, məktəblərdə tədrisin eyni gündə bərpa olunmasının yoluxma təhlükəsinə yol açacağına yönəlik narahatlıqlar da ifadə edilir.
Təhsil eksperti Qoşqar Məhərrəmov mövzu ilə bağlı Yenicag.az-a açıqlamasında bildirib ki, tədris müəssisələrinin eyni gündə fəaliyyətini bərpa etməsi şagirdlər arasında yoluxma riskini artırır. Çünki tədris ocaqları kütləvi yerdir və virus daşıyıcısı olan şəxs başqalarını da asanlıqla yoluxdura bilər:
“Məlumdur ki, böyüklərə nisbətən azyaşlıların gigiyena qaydalarına əməl etmələri daha çətin olur. Azyaşlılar arasında yaxın təmas, əli üzə vurmaq, toxunmaq və sair hərəkətlər daha çox olduğuna görə yoluxma prosesi sürətlənə bilər.
Koronavirus xəstələrinin sayının artmaması üçün ölkədə tədris ocaqlarının eyni gündə deyil, müəyyən ardıcıllıqla fəaliyyətə başlamaları daha doğru addım olardı”.
Qoşqar Məhərrəmov hesab edir ki, tədris ocaqları eyni vaxtda açılarsa, bir çox valideynlər öz uşaqlarını məktəbə göndərməkdən imtina edəcəklər. Çünki insanların narahatlığı hələ tam aradan qalxmayıb:
“Ətrafında koronavirusa yoluxma halı müşahidə edən insanlarda narahatlıq yüksək səviyyədədir. Bu mənada tədris ocaqları açılsa da, kütləvi şəkildə tədrisdən yayınma halları yaşanacaq.
Əslində, məktəblərin bağlanmasına təqribən ayyarım qalıb. Bu ərəfədə onlayn dərslərin həyata keçirilməsi şərtilə, tədris prosesinə sentyabrdan başlamaq olar.
Təhsilin normal vəziyyətə qayıtması vacib olsa da, mövcud şəraitdə sağlamlıq daha önəmlidir. Ona görə də infeksiya təhlükəsinin tam sovuşmasını gözləmək lazımdır”.