Yeni il bayramında 5 gün iş olmayacaq

2018-ci ildə Yeni il bayramı ilə əlaqədar qeyri-iş günləri məlum olub.

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli APA-nın sorğusuna cavab olaraq bildirib ki, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü, 1, 2 yanvar - Yeni il bayramı qeyri-iş günüdür.

31 dekabr bazar gününə təsadüf etdiyindən, Əmək Məcəlləsinə əsasən bayram və istirahət günləri üst-üstə düşdüyü üçün, 3 yanvar qeyri-iş günü olacaq.

Beləliklə, Yeni il bayramı ilə əlaqədar 5 gün ardıcıl (30 dekabr - şənbə günü, 31 dekabr, 1, 2, 3 yanvar) iş olmayacaq.

Akif Əli onu da bildirib ki, 2018-ci ilin bayram günləri ilə əlaqədar Nazirlər Kabineti hələ rəsmi qərar verməyib.

Yaxın günlərdə bu barədə ictimaiyyətə məlumat veriləcək.