DTX əməliyyatları və acgöz məmurlar - ŞƏRH

Ölkəmiz icra başçılarının Prezident İlham Əliyevin “Dövlət məmurları xalqın xidmətçiləridir” sözlərini düzgün başa düşməməsinin açısını yaşamaqdadır. Bəlkə də cəmiyyətin əksər hissəsi Dövlət Təhlükəsizlik Xitmətinin bir sıra rayonda keçirdiyi əməliyyatlar nəticəsində rüşvətxor icra başçılarının və onların əlaltılarının həbsinə sevinir. Amma bu hal böyük faciədir.


Biləsuvarın həbs olunmuş icra başçısı Mahir Quliyevlə bağlı yayılmış operativ çəkilişə baxanda buna bir daha əmin olursan. Nə qədər yazıq, zavallı, bədbəxt, eyni vaxtda acgöz, yırtıcı, amansız olmalısan ki, aztəminatlı ailələr üçün nəzərdə tutulmuş yardıma da göz dikəsən!

90-cı illərdə Finlandiyanın növbəti baş nazirlərindən biri müsahibə zamanı bildirmişdi ki, siyasətə gəlməklə, şəxsi gəlir baxımından uduzur. Çünki, dövlət məmurunun maaşı iş adamının gəlirləri ilə müqayisəyə gəlməz. Amma xalqa xidmət duyğusu onu bu addımı atmağa vadar edib.

Bizdə isə növbəti siyasi-iqtisadi islahatlar dalğasının başlanması prosesi dövlət məmurlarının bir qisminin xalqa xidmət duyğusundan necə məhrum olduğunu sübuta yetirməkdədir. “Koronavirus tədbiri ilə əlaqədar 500 adama yardım yazın, oradan, heç olmasa, 200-nü götürək” deyən icra başçısının mənəviyyat kəsadlığı ilə üz-üzəyik. Sözün bitdiyi yerdir!

Dövlət qulluqçusu — müəyyən edilmiş qaydada yalnız dövlət büdcəsindən maaş alan və dövlətinə sadiq olacağına and içən vətəndaşdır. COVİD-19 kimi qorxulu qlobal pandemiyası dönəmində belə nəfsinə sahib ola bilməyən dövlət məmurları isə nəinki dövlətə, heç təmsil etdikləri hakimiyyətə belə sadiq olmadıqlarını nümayiş etdirirlər.

Əslində, hər bir icra başçısı təyin olunduğu vəzifə vasitəsilə təmsil etdiyi hakimiyyətə və dövlət başçısına başucalığı, əlavə nüfuz gətirməyə çalışmalıdır. Onlar kabinetlərində əlaltıları ilə oturub və ya var-gəl edib soyğunçuluğun yollarını axtarmaqla məşğul olmalı deyildilər. Karantinlə əlaqədar çətin duruma düşmüş aztəminatlı, çoxuşaqlı ailələrə, ahıllara yardım etməyin yolunu bulmaq, onlara tez-tez baş çəkmək, dövlətin yardımı ilə yanaşı, yerli iş adamlarını da cəmiyyətin bu zümrəsini dəstəkləmək məqsədilə xeyriyyə aksiyaları keçirməyə dəvət etmək belə çətin idi?! Bunu onların əvəzinə əlində heç bir vəzifə səlahiyyəti olmayan, amma insanlara ürəyi yanan fitnes məşqçisi və ya müğənni edirdi. Yerli sakinlərlə birbaşa işləmək həm də insanların inamını, güvənini qazanmaq, hakimiyyətə dividentlər gətirmək imkanıdır. Təəssüflər olsun ki, onlar bu imkanı gerçəyə çevirə bilmədilər.

Əvəzində ən böyük faciəni öz ailə üzvlərinə və əzizlərinə yaşatdılar. Çünki indi bütün ölkə son dönəmdə DTX tərəfindən suç üstündə yaxalanan icra başçılarının öz kabinetlərində nələrlə məşğul olduğu barədə operativ çəkilişlərə baxır. Heç olmasa, belə əməllər törədəndə övladlarına necə gələcək hazırladıqlarının fərqində olaydılar…