Mayın 4-də Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü keçirildi.
Təmas Qrupunda coğrafi təmsilçilik və könüllü iştirak əsasında bütün regional qruplardan olan ölkələr təmsil olunublar.
2019-cu ilin oktyabr ayının 25-də Qoşulmama Hərəkatının Bakıda keçirilən Dövlət və Hökumət Başçılarının 18-ci Zirvə Görüşündə quruma sədrlik Venesueladan Azərbaycana keçib.
Ölkəmiz 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik edəcək.
BMT-nin Baş Assambleyasından sonra ikinci ən böyük beynəlxalq təsisat olan və 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına üzvlükdən qısa müddət sonra ölkəmizin sədrlik etməsi üzv dövlətlərin Azərbaycana olan etimadının, ölkəmizin beynəlxalq nüfuzunun artmasının, eləcə də Azərbaycanın qlobal səylərinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsinin parlaq nümunəsidir.
Azərbaycan sədr kimi qarşıya hansı məqsədi qoyub?
Prezident İlham Əliyev Təmas Qrupunun iclasında Azərbaycanın sədrliyindən danışarkən deyib:
“Sədrliyi öz üzərimizə götürərkən mən bəyan etdim ki, Azərbaycan beynəlxalq arenada üzv ölkələrin maraqlarının müdafiə edilməsi üçün əməli addımlar atacaq, həmrəyliyin gücləndirilməsini və qarşılıqlı dəstəyi rəhbər tutacaq”.
40-a yaxın ölkənin dövlət və hökumət başçısının, xarici işlər nazirlərinin, BMT Baş Assambleyasının prezidenti, Afrika İttifaqının sədri, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktorunun iştirak etdiyi Qoşulmama Hərəkatının Təmas Qrupunun Zirvə Toplantısı bir daha Azərbaycana və dövlət başçımıza olan inamın, etibarın və etimadın göstəricisidir.
Zirvə görüşündə Avropa İttifaqının ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Cozef Borel də iştirak edib.
Avropa İttifaqının rəsmisinin Zirvə görüşündə iştirakı və çıxışı Qoşulmama Hərəkatının tarixində ilk dəfə baş vermiş hadisədir.
Qeyd olunmalıdır ki, məhz Azərbaycan daim bir-biri ilə əks qütblərdə olan Qoşulmama Hərəkatı ilə Avropa İttifaqını koronavirus təhlükəsi zamanı bir araya gətirməyə müvəffəq olub.
Bu baxımdan söyləmək olar ki, Prezident İlham Əliyevin sayəsində Qoşulmama Hərəkatı fikir mübadiləsi, qlobal həmrəylik və əməkdaşlıq üçün səmərəli platformaya çevrilir.
BMT İlham Əliyevin səylərini dəstəkləyir
Prezident İlham Əliyev çıxışında dünyanı həmrəy olmağa səsləyib. Üstəgəl, Azərbaycan qlobal həmrəyliyin nümunəsi kimi BMT Nizamnaməsində nəzərdə tutulan, Baş Assambleyanın COVID-19 pandemiyasına həsr olunmuş dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifini irəli sürüb.
Qlobal əməkdaşlığa güclü ehtiyac duyulduğu bir şəraitdə dövlətlər, eləcə də bir sıra beynəlxalq və regional təşkilatlar adekvat reaksiya göstərə, beynəlxalq həmrəyliyin gücləndirilməsi ilə bağlı zəruri addımlar ata bilməyiblər.
Hazırda qlobal liderliyə ehtiyac duyulan bir şəraitdə və vaxtda Prezident İlham Əliyev təşəbbüs irəli sürərək, “özünəqapanma sindromu”nun heç kəsə xeyir gətirməyəcəyini nümayiş etdirdi və dünyanın ayrı-ayrı qitələrindən müxtəlif siyasi və ideoloji quruluşlara malik ölkələri bir araya gətirməyə nail oldu. Prezident İlham Əliyev nümunəvi addım ataraq, pandemiyaya yalnız qlobal əməkdaşlıq və həmrəylik sayəsində qalib gəlməyin mümkünlüyünü dünyaya nümayiş etdirdi.
Təsadüfi deyil ki, BMT-nin Baş katibi Antonio Quterreş videomüraciəti zamanı qeyd olunan problemə yeganə cavabın cəsarətli, uzaqgörən və birgə rəhbərlik olduğunu bildirib. Eyni zamanda, o, Azərbaycan Prezidentinin belə bir görüşü çağırmasına görə təşəkkürünü bildirib. O, BMT-nin İlham Əliyevin səylərini dəstəklədiyini xüsusilə vurğulayıb.
Azərbaycanın yardımları
Prezident İlham Əliyev çıxışında Azərbaycanın koronavirusa qarşı qlobal mübarizədə oynadığı mühüm roldan danışıb.
Bildirib ki, Azərbaycan koronavirusa qarşı qlobal mübarizəyə dəstək olaraq Ümumdünya Səhiyyə Təşkilatına 5 milyon dollar həcmində könüllü maliyyə yardımı ayırıb. Bu vəsait Azərbaycanla razılaşdırılmaqla ən çox yardıma ehtiyacı olan Afrika, Asiya və Latın Amerikası regional qruplarından olan üzv ölkələr üçün nəzərdə tutulur.
həmçinin qeyd edib ki, Qoşulmama Hərəkatının yaradılacaq İşçi Qrupu üzv ölkələrin pandemiya ilə bağlı humanitar və tibbi ehtiyaclarını vahid məlumat bazasına daxil edəcək.
Həmin məlumatlar mümkün yardımların göstərilməsi üçün donor ölkələrə, beynəlxalq humanitar təşkilatlara təqdim ediləcək.
Azərbaycanın koronavirusun ölkədə yayılmasının qarşısının alınması, pandemiyanın milli iqtisadiyyata mənfi təsirilərinin minimuma endirilməsi istiqamətində atdığı addımlara paralel olaraq beynəlxalq humanitar aksiyalara qoşulması ölkəmizi beynəlxalq ictimaiyyətin nümunəvi üzvləri siyahısına daxil edir.
Xatırladaq ki, Zirvə görüşünün yekununda Bəyannamə qəbul edilib.