İtaliyanın “Opinione Pubblica” onlayn qəzetində jurnalist Emanuele Vignanın Azərbaycanın işğal olunmuş ərazilərində keçirilmiş qondarma “seçkilər”, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə təhrif olunmuş və qərəzli məlumatları əks etdirən məqaləsinə cavab olaraq Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin qəzetin redaksiyasına ünvanladığı cavab məktubu dərc olunub.
Səfir məktubunda müəllifin tarixi faktları və regiondakı mövcud vəziyyətin kökündə dayanan həqiqətləri görməzdən gəldiyini qeyd edərək Qarabağın tarixi Azərbaycan torpağı olduğunu, ermənilərin Qarabağa sonradan köçürüldüyünü sübut edən tarixi faktlar, eləcə də münaqişənin kökləri ilə bağlı məlumat verib.
Ötən əsrin 80-ci illərinin sonlarından etibarən Ermənistanın Azərbaycana qarşı Dağlıq Qarabağın ilhaqı ilə bağlı ərazi iddiaları irəli sürməsi ilə eyni zamanda 250 min azərbaycanlını Ermənistandakı tarixi torpaqlarından deportasiya etməsi, bunun ardınca Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzə başlaması və ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizini - Dağlıq Qarabağ regionu və ətraf yeddi rayonu işğal etməsi, işğal olunmuş ərazilərdə azərbaycanlılara qarşı etnik təmizlənmə həyata keçirdiyi və bir milyondan çox azərbaycanlının məcburi köçkün və qaçqın düşməsi, həmin ərazidəki Azərbaycanın maddi-tarixi irsinin dağıdılması ilə nəticələndiyini qeyd edib. Ermənistanın beynəlxalq humanitar hüququ ciddi şəkildə pozduğunu və çoxsaylı müharibə cinayətləri, o cümlədən 1992-ci il fevralın 25-dən 26-na keçən gecə 613 azərbaycanlı mülki şəxsin qətlə yetirildiyi Xocalı soyqırımını - münaqişənin ən faciəvi hadisəsini törətdiyini vurğulayıb.
Çoxsaylı beynəlxalq təşkilatların, o cümlədən BMT Təhlükəsizlik Şurasının Ermənistanın qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını və qaçqın və məcburi köçkünlərin öz torpaqlarına geri qaytarılmasını tələb edən dörd qətnaməsinə Ermənistan tərəfindən məhəl qoyulmadığını qeyd edib.
Diplomat müəllif tərəfindən məqalədə "Dağlıq Qarabağ respublikası" və ya "Artsax respublikası" kimi təqdim olunan qondarma rejimin işğal olunmuş ərazilərimizdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticələrini ört-basdır etmək üçün qanunsuz olaraq yaratdığını, irqi ayrı-seçkiliyin nəticəsindən başqa bir şey olmayan bu rejimin dünyanın heç bir ölkəsi, o cümlədən Ermənistan tərəfindən belə tanınmadığını bildirib. Azərbaycanın işğal olunmuş ərazilərində qondarma qanunsuz "seçkilər"in keçirilməsinin isə Ermənistanın status-kvonu saxlamaq və işğal olunmuş ərazilərdə vəziyyəti baş vermiş fakt (fait accompli) kimi qəbul etdirmək üçün növbəti cəhdi olduğunu deyib. Diplomat işğal olunmuş ərazilərdə digər hallarda olduğu kimi ,sonuncu qondarma “seçkilər”i də beynəlxalq ictimaiyyət, o cümlədən İtaliya da daxil olmaqla çoxsaylı dövlətlər və beynəlxalq qurumlar tərəfindən qanunsuz sayıldığını, qınandığını və rədd edildiyini bildirib.
Müəllifin öz məqaləsində bütün bu faktları görməzdən gəlməsinin onun işğal olunmuş ərazilərimizdə Ermənistanın status-kvonu saxlamaq, vəziyyəti baş vermiş fakt (fait accompli) kimi təqdim etmək cəhdlərini və hərbi təcavüzün nəticələrini dəstəkləmək anlamına gəldiyini deyən diplomat Dağlıq Qarabağın Azərbaycan bölgəsində seçkilərin yalnız azərbaycanlı məcburi köçkünlərin öz yurd-yuvalarına geri qayıtmasından və Ermənistan qoşunlarının işğal olunmuş ərazilərimizdən çıxarılmasından sonra bölgənin bütün əhalisinin iştirakı ilə Azərbaycan Respublikasının konstitusiyası çərçivəsində mümkün olacağını bildirib.
Məktubunda öz müqəddəratını təyinetmə hüququna da toxunan diplomat bu hüququn bir xalqa aid olduğunu və erməni xalqının artıq Ermənistan dövlətini yaratmaqla bu hüquqdan istifadə etdiyini vurğulayıb, münaqişədən əvvəl Dağlıq Qarabağda azərbaycanlı və erməni icmalarının yaşadığını və münaqişə vaxtı bölgədən azərbaycanlıların Ermənistan ordusu tərəfindən tamamilə qovulduğunu bildirib. Diplomat əlavə edib ki, yalnız azərbaycanlıların bu bölgəyə qaytarılmasından sonra Azərbaycanın ərazi bütövlüyü çərçivəsində bu bölgə üçün muxtariyyət məsələsi nəzərdən keçirilə bilər ki, bu da iki icmanın sülh və ləyaqətlə birgə yaşamaq modelini təmin edə bilər. Münaqişənin belə bir formada nizamlanmasının beynəlxalq hüquqa, beynəlxalq təşkilatların çoxsaylı sənədlərinə, BMT Nizamnaməsinə və Helsinki Yekun Aktına uyğun yeganə məqbul həll yolu olduğunu vurğulayan diplomat Ermənistan ordusunun işğal edilmiş ərazilərimizdə mövcudluğunun nizamlanma üçün əsas maneə olduğunu qeyd edib və ilk növbədə, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasının vacibliyini bildirib.
Diplomat işğal olunmuş ərazilərimizdən qovulmuş azərbaycanlıların 30 ildən çoxdur ki, nəinki öz doğma torpaqlarında baş verən tədbirlərdə iştirak etmək hüququndan, hətta öz evlərinə qayıtmaq və ailə üzvlərinin məzarlarını ziyarət etmək imkanından belə məhrum olduğunu bildirib və məsələnin həssaslığını nəzərə alaraq, münaqişənin qurbanlarına və onların keçirdiyi hisslərə hörmət əlaməti olaraq da Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı yazılarda qərəzsizlik və obyektivlik nümayiş etdirilməsinə çağırıb.