General Altay Mehdiyev 18 ilin SİRRİNİ açdı: “Bulaq postu” - İLK DƏFƏ

General Naxçıvanda həyata keçirilən uğurlu Buzqov əməliyyatıdan yazdı


Ehtiyatda olan general-mayor Altay Mehdiyev 2000-ci illərin əvvəllərində Naxçıvan Muxtar Respublikasında Yuxarı Buzqov yaşayış məntəqəsi yaxınlığndakı Buzqov yüksəkliyi də daxil olmaqla geniş ərazinin işğaldan azad edilməsi əməliyyatı ilə bağlı xatirələrini bölüşüb.

"AzeriDefence”nin məlumatına istinadən xəbər verir ki, generalın xatirələrində bəhs etdiyi əməliyyat üstündən 18 ildən çox vaxt keçsə də ictimaiyyətə ilk dəfə açıqlanır.

General qeyd edib ki, bu əməliyyatın başlanğıcı Havuş yaşayış məntəqəsi istiqamətində, ön xətdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbova general-leytenant Kərəm Mustafayevin məruzəsindən sonra, Ali Məclisin Sədrinin "əgər torpaqlar bizimdirsə, o torpaqlara biz nəzarət etməliyik” tapşırığı ilə başlayıb.

"Məlumat üçün bildirirəm ki, Ali Baş Komandan cənab İlham Əliyevin böyük qiymət verdiyi və "çox uğurlu əməliyyat” kimi qiymətləndirdiyi bu əməliyyat mənim planım, iştirakım və şəxsən rəhbərliyimlə həyata keçirilmişdi. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri cənab Vasif Talıbov və Naxçıvan qarnizonunun rəisi, general-leytenant Kərəm Mustafayev bu əməliyyatın hazırlanması və rəhbərliyi mənə tapşırdıqda üzərimə böyük məsuliyyət düşdüyünü hiss etdim və tapşırığı müvəffəqiyyətlə yerinə yetirmək üçün bütün hərbi bilik və bacarığımı əsirgəmədim. Həmin andan etibarən plan hazırlanıb ərazidə dəqiqləşdirildi. Cəlb edilən bölmələr və onların vəzifələri aydınlaşdırıldı. Hazırlıq tədbirlərinə başlandı və müvəffəqiyyətlə həyata keçirildi. Uğurlu əməliyyat nəticəsində işğalçı Ermənistan ilə separatçı rejimi birləşdirən strateji yüksəkliyə nəzarəti ələ keçirdik. Sevinirəm ki, bu əməliyyatda qələbəyə, vətən yolunda canını və qanını əsirgəmədən döyüşə atılmağa, ölümə və öldürməyə hazır olan, yüksək keyfiyyətlərə malik iradəli, cəsur əsgərlərimin qəhrəmanlığı hesabına nail olundu”, – deyə general qeyd edib.

Miq.Az olaraq "Azeri Defence”-yə istinadən general-mayor Altay Mehdiyevin Buzqov əməliyyatının bir epizodu ilə bağlı xatirələrini olduğu kimi təqdim edirik:

… Yuxarı Buzqov yaşayış məntəqəsi yaxınlığında yerləşən Buzqov hündürlüyü həmin vaxt düşməndən geri alınmış sağ cinah postu idi. İtirdiyi torpaqları geri qaytarmaq üçün gördüyü bütün tədbirlər nəticə vermədikdə, düşmən danışıqlar yolu ilə razılaşmağa qərar verdi. Bu məqsədlə sərhəd xəttində gorüşməyi təklif etdilər. Onlar bu yolla bütün torpaqları, heç olmasa onlara aid olduğu bəzi əraziləri geri almağı arzulayırdılar.

Naxçıvan MR Ali Məclisinin sədri cənab Vasif Talıbovun görüşə razılığından sonra görüşün baş tutması haqqında düşmənə malumat verildi.

Ərazi dağlıq olduğundan digər problemlərlə yanaşı əsas problemlərdən biri də su ilə bağlıydı. Lakin Buzqov hündürlüyündən sağdakı düşmən postunun yaxınlığında bulaq yerləşirdi. Ondan sonra isə düşmənin bölük dayaq məntəqəsi idi. Bütün bunları nəzərə alaraq görüş yeri olaraq düşmənin bölük dayaq məntəqəsini təyin edərək, düşməndən müvəqqəti olaraq "bulaq postu”nu boşaltmağını tələb etdim.

Razılıq alınandan sonra, hazırlıqlı əsgərlərdən ibarət qrup yaradaraq görüş zamanı həmin postda durmaq, biz görüşdən qayıdandan sonra isə həmin postu tərk etməmək haqda əmr verdim.

Görüşə düşmən tərəfdən: Müdafiə Nazirliyinin baş əməliyyat idarəsinin rəisi, nazirliyin kəşviyyat idarəsinin rəisi, korpus komandiri, həmin istiqamətin polk komandirləri iştirak edirdilər. Biz tərəfdən isə mən, xüsusi təyinatlı tabor komandiri, tərcüməçi və 2-3 muhafizəçi əsgər iştirak edirdik.

Görüşdə əvvəl ümumiyyətlə alınan arazini tərk etməyimizi, sonradan isə heç olmasa onlara aid olan arazilərin qaytarılmasını tələb etdilər. Heç bir razılıq əldə etmədən ayrıldıq və həmin görüş yerini tərk edərək Buzqov hündürlüyündə yerləşən postumuza qayıtdıq.

Düşmən əsgərləri "Bulaq postu”na qayıtmaq istədikdə əsgərlərimiz atəş açaraq onları geri qayıtmağa məcbur etdilər. Düşmən komandanlığı isə mənim geri qayıtmağımı, görüşün davam etdirilməsini, "Bulaq postu”nun təcili olaraq onlara qaytarılmasını tələb etməyə cəhd etsələr də, gec idi. "Bulaq postu” da geri aldığımız 11 min hektar əraziyə əlavə olunaraq, müdafiə sistemimizə daxil edildi.

Düşmən isə böyük narazılıqla söyləyirdi: "Heç bir şey anlamadıq. İstədik torpaqları qaytaraq, hələ bir postu da itirdik. Görüşə qədər o postda bizim əsgərlər dururdu, post bizim idi. Görüşüb, danışıb, ayrıldıq, post bizim, duranlar isa sizin əsgərlərinizdir”. Bizim cavabımız isə belə oldu: "Əgər bizim əsgərlər durubsa, demək post bizimdir!”

General onu da qeyd edib ki, dağlıq şəraitdə, müxtəlif taktiki variantlarla keçirilən bu əməliyyatın hazırlanması, idarə olunması, heç bir itki vermədən, düşmənin hazırladığı mina sahələrinin müvəffəqiyyətlə keçilməsi təcrübəsi Müdafiə Nazirliyi tərəfindən bu günə qədər araşdırılıb öyrənilməyib.

Qeyd edək ki, bu və digər maraqlı əməliyyatlar A. Mehdiyevin "Azərbaycanda ordu quruculuğu” və "Naxçıvan Muxtar Respublikasında 4141 gün” kitablarında geniş təsvir ediləcək.


Miq.Az /