Sosial şəbəkələrdə Zaqatalada yol polisi ilə sakinlər arasında insidentin baş verməsi ilə bağlı məlumat yayılıb.
Oxu.Az-ın məlumatına görə, hadisə Zaqatala rayonun Kəpənəkçi kəndində qeydə alınıb.
Daxili İşlər Nazirliyi məsələyə münasibət bildirib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Kəpənəkçi kəndi ərazisində yüksək sürətlə hərəkətdə olan “VAZ-2106” markalı avtomobil bir neçə ev quşunu vuraraq öldürüb:
“Həmin ərazidə xidmətdə olan Zaqatala RPŞ-nin Dövlət Yol Polisi bölməsi əməkdaşları “VAZ-2106” markalı avtomobilin sürücüsünə “Saxla” əmri verilib:
“Yoxlama zamanı məlum olub ki, həmin avtomobildə sürücü qismində əyləşən Cavid İsayev sürücülük vəsiqəsi olmadan maşını idarə edib:
“Avtomobilin həmin şəxsə deyil, ailəsinə məxsus olduğu aşkarlanıb. O, daha sonra polis əməkdaşları ilə mübahisə edib. Polis əməkdaşları həmin şəxsləri sakitləşdirməyə çalışıblar”.
“Sürücü barəsində protokol tərtib edilib və toplanan materiallar aidiyyəti üzə məhkəməyə göndərilib”, - deyə qeyd edilib.
M.Məsimov əlavə edib ki, rayon məhkəməsinin qərarı ilə polisə müqavimət göstərən həmin sürücü inzibati həbs cəzası alıb. Hay-küy salaraq ictimai qaydanı pozan qadın isə 50 manat cərimə edilib.