Karantin rejiminin Azərbaycan üçün faydaları açıqlandı - RƏSMİ

Karantin rejiminin Azərbaycan üçün faydaları açıqlandı - RƏSMİ










“Araşdırmaların nəticələrinin müqayisəli təhlili göstərir ki, karantin dövründə ətraf mühitə antropogen təsirlər əhəmiyyətli dərəcədə azalıb”.
AzBaku.org-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev bildirib.
Onun sözlərinə görə, xüsusilə havanın çirklənmə səviyyəsi xeyli aşağı düşüb:
“Diaqramlardan da göründüyü kimi, 2020-ci ilin mart-aprel-may aylarında müxtəlif çirkləndiricilərin konsentrasiyası 2019-cu ilin analoji dövrü ilə müqayisədə, nəzərəçarpacaq dərəcədə azdır.
Buna karantin dövründə sənaye və ictimai iaşə obyektlərinin fəaliyyətinin məhdudlaşdırılması və avtomobillərdən istifadənin kəskin azalması səbəb olub”.
O qeyd edib ki, karantin dövründə tətbiq olunan məhdudlaşdırmalar Xəzər dənizinin sahil sularının keyfiyyətinə də müsbət təsir göstərib:
“Məsələn, Nardaran, Pirşağı, Bilgəh ərazilərində dənizdə aparılan son monitorinqlər onu deməyə əsas verir ki, sahilboyu ictimai-iaşə obyektləri fəaliyyət göstərmədiyindən dəniz suyunun çirklənmə səviyyəsində azalma müşahidə edilir”.