“AzTV-nin əməkdaşı ölən gecə 16 xəstə vəfat etdi” - “Semaşko” ilə bağlı qandonduran ittihamlar

 “AzTV-nin əməkdaşı ölən gecə 16 xəstə vəfat etdi” - “Semaşko” ilə bağlı qandonduran ittihamlar












Bir neçə gün öncə AzTV-nin koronavirusdan vəfat edən əməkdaşı Samir Nemətzadə son nəfəsində olsa belə, əsl jurnalist kimi davrandı desək, yəqin ki, bizimlə razılaşarsınız. Çünki S.Nemətzadə ölümündən əvvəl ailəsinə göndərdiyi səs yazısı ilə “Semaşko” adlandırdığımız 1 saylı Kliniki Tibbi Mərkəzdə hökm sürən acınacaqlı vəziyyəti, xəstəxanada su və sanitar qovşağının belə, olmadığını, orada “müalicə alan” koronaviruslu xəstələrə göstərilən laqeyid münasibəti gündəmə gətirdi.

Həmçinin səs yazısında jurnalistin danışığından əlavə eşidilən xəstələrin öskürək, boğulma, qışqırıq səsləri “Semaşko”dakı COVID-19-lu xəstələrin çox ağır vəziyyətdə olduğunu sübut etdi.

Təəssüflər olsun ki, TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva vəfat etmiş həmkarımız kimi davranmağı bacarmadı. Hətta son nəfəsində belə, vicdanla davranan jurnalisti “yalançı çıxarmağa” cəhd göstərdi. Açıqlama verərək iddia etdi ki, S.Nemətzadə süni tənəffüs cihazına qoşulub, lakin göstərilən səylərə baxmayaraq, 40 dəqiqə sonra vəfat edib.
 “AzTV-nin əməkdaşı ölən gecə 16 xəstə vəfat etdi” - “Semaşko” ilə bağlı qandonduran ittihamlar



Heç çox keçmədi ki, R.Əliyevanın bu açıqlamasına elə vicdanlı, ləyaqətli həkimlərimiz özləri etiraz etdilər. Məsələn, pediatr Aytən İsmayılzadə TƏBİB sözçüsünə sual ünvanladı ki, İVL aparatına qoşulmuş xəstə necə səsini yaza bilər? A.İsmayılzadə, həmçinin Agciyər Xəstəlikləri İnstitutunda da vəziyyətin çox acınacaqlı olduğunu bildirdi, qeyd etdi ki, xəstəxanada tibbi qoruyucu vasitələr yox dərəcəsindədir.

Aytən İsmayılzadənin bu cəsarətli çıxışı digər tibb işçilərini də dilə gətirdi. “Semaşko”nun bir qrup tibb işçisi Dominant.az-a açıqlamasında bildirdilər ki, xəstəxanada vəziyyət çox ağırdır.

İşlərini itirmək təhlükəsi ilə üzləşə biləcəklərinə görə adlarının açıqlanmasını istəməyən tibb işçilərinin dediyinə görə, Samir Nemətzadə vəfat edən gecə 1 saylı Kliniki Tibbi Mərkəzdə həmkarımızla bərabər 16 koronaviruslu xəstə həyatını itirib: “Xəstəxanada ən çox ölüm sayı həmin gecə qeydə alındı, 16 xəstə itirdik. Samirin tənəffüs aparatına qoşulandan 40 dəqiqə sonra ölməsi də yalandır, o, heç cihaza qoşulmamışdı, vəziyyəti ağır idi. Ölməmişdən öncə həkiminə dedi ki, “anamı çağırın, halallaşım, ölürəm”. Aparata qoşulu olsaydı, ailəsinə səs göndərməsi mümkün olmazdı".
 “AzTV-nin əməkdaşı ölən gecə 16 xəstə vəfat etdi” - “Semaşko” ilə bağlı qandonduran ittihamlar


Tibb içiləri bunun səbəbini xəstəxanada oksigen çatışmazlığı ilə əlaqələndirirlər: “Xəstəxanada süni tənəffüs cihazları olsa da, həmin cihazların oksigeni yoxdur. Aparatlar kislorodla təmin olunmayıb. Əvvəl heç dərman da yox idi, son günlər dərman verilir xəstəxanaya”.

Onlar, həmçinin xəstəxanada çalışan tibb işçilərinin lazımi tibbi ləvazimatla təmin edilmədiyini də vurğulayırlar: “Qoruyucu geyimlər və ləvazimatlar çox məhdud sayda verilir. Həkimlərimizin əksəriyyəti gözlərini qorumaq üçün istifadə etdikləri eynəkləri belə, öz pulları ilə almağa məcburdular. Eynəyin biri satışda 17 manatadır. Bu vəziyyətə etiraz məqsədilə həkimlərimizdən bir neçəsi işdən çıxmaqla bağlı istefa ərizəsi belə, yazıb. Ancaq faydası olmayıb, istefaları da qəbul olunmayıb. Onlara bildiriblər ki, belə vəziyyətdə işdən çıxmaq fərariliyə bərabərdir. Reanimasiya şöbəsindən isə 6 reanimatoloq bu hədə-qorxulara məhəl qoymadan, ərizə yazaraq işdən çıxıb. Həmin həkimlər Prezident Aparatına da müraciət ediblər, ancaq gizlədilir”.

Tibb işçiləri “Semaşko”nun bağlanmasını tələb edirlər: “Xəstəxana başdan-ayağa virus mənbəyidir. Xəstələrlə həkimlər eyni sanitar qovşağından istifadə etməyə məcburdular. Xəstəxanaya xəstə gətirən Təcili Tibbi Yardım əməkdaşları ilə eyni qapıdan girib-çıxmağa məcburuq. Halbuki pandemiya şəraitində bu, mümkün olmayan məsələdir. Həkimlərimizin öz pulları ilə aldıqları qoruyucu geyimləri belə, soyunub-geyinmələri üçün heç bir şərait yaradılmayıb, xəstlər yatan palatayla üzbəüz palatada soyunub-geyinirlər”.

“Artıq biz də bu vəziyyətə dözə bilmirik, real vəziyyəti bildiyimiz halda, tirajlanan yalan məlumatlara göz yummağımız insafsızlıq olar. 1 saylı Kliniki Tibbi Mərkəzdə hökm sürən vəziyyətlə bağlı ciddi tədbir görülməlidir. Xəstəxanamız həm koronaviruslu xəstələr, həm də tibbi heyət üçün lazım olan tibbi ləvazimatlarla təchiz edilməlidir. Əks halda ya bizlər fərariliyi boynumuza alaraq işə getməyəcəyik, ya da kütləvi şəkildə virusa yoluxub can çəkişən xəstələrlə eyni vəziyyətə düşəcəyik”, - deyə şikayətçilər qeyd edirlər.
 “AzTV-nin əməkdaşı ölən gecə 16 xəstə vəfat etdi” - “Semaşko” ilə bağlı qandonduran ittihamlar

“Semaşko”nun tibb işçilərinin AzTV-nin rejissoru Samir Nemətzadə vəfat edən gün xəstəxanada 16 xəstənin öldüyünü idda etməsi digər bir məsələni də aktuallaşdırır. Belə anlaşılır ki, ölkədə koronavirusdan ölən xəstələrin sayı ya gizlədilir, ya da bilərəkdən az göstərilir? Çünki həmin gün Operativ Qərargahdan verilən rəsmi məlumatda, iyulun 1-də ölkədə COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfərin vəfat etdiyi bildirilmişdi.

P.S. Cəmiyyətdə çaşqınlıq, qorxu yaranmaması üçün bu məsələyə aidiyyəti qurumlar tərəfindən aydınlıq gətirilməsini gözləyirik. Həm bizə, həm də “Semaşko”nun tibbi heyətinə maraqlıdır ki, bəzi qurumlar və ya şəxslər hansı səbəbdən həm ölkə rəhbərliyini, həm də əhalini aldadır? Düzdür, həmin gecə ölən xəstələr barəsində ətraflı məlumat toplamaq bizim üçün elə də çətin məsələ deyil. Ancaq məsələnin səlahiyyətli qurum tərəfindən araşdırılmasının (təbii ki, R.Əliyevanın telefonla aldığı məlumatdan yox, ciddi yoxlamadan söhbət gedir) və təcili olaraq lazımi tədbirlər görülməsinin, nəticə barədə də məlumat verilməsinin daha məqsədəuyğun olduğunu hesab edirik.

Xatırladaq ki, 23 iyunda da "Semaşko"da bu gecədə 20-yə yaxın koronavirus xəstəsinin vəfat etdiyi barədə məlumat yayılmışdı. Məlumatı yayanlar iddia edirdilər ki, 20 meyitin xəstəxanadan çıxarıldığının şahidi olublar. Ancaq xəstəxananın baş həkimi Ədalət Dadaşov həmin məlumatı təkzib edərək bildirmişdi ki, məlum informasiyanı yayanlar "Semaşko"dan “Atletlər kəndi”nə aparılan xəstələri görüblər və səhv anlayıblar.